Bakının mərkəzindəki Sahil bağının yaxınlığında, Xaqani küçəsində “26” adlı kafenin yaradılması paytaxt sakinlərinin arasında ciddi narazılıq doğurmuşdu. Sakinlər, tarixçi alimlər sosial şəbəkələrdə fəal vətəndaşlıq mövqeyindən çıxış edərək belə vaxtilə azərbaycanlıların soyqırımını təşkil edən 26 Bakı komissarlarının xatirəsini bu cür iyrənc yolla “yaşatmağa” çalışanlar ciddi qınayaraq, kafenin fəaliyyətinin dayandırılmasını tələb ediblər.
AZƏRTAC xəbər verir ki, sentyabrın 8-də həmin kafenin fəaliyyətinin dayandırılması, onun adının fasaddan və salonun divarlarından sökülməsi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə iştirak edən paytaxt ictimaiyyətinin nümayəndələri XX əsrin əvvəllərində xalqımıza qarşı misli görünməmiş cinayət və soyqırımları törətmiş bolşevik-daşnak qüvvələrinin əsas şəxslərindən olan 26 Bakı komissarlarının təbliğinə xidmət edən belə çirkin əməllərlə bağlı kəskin hiddətlərini ifadə ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tədbir yerinə gələrək, paytaxt ictimaiyyətinin nümayəndələri ilə görüşüb, “26” adlı kafenin fəaliyyətinin dayandırılacağını bildirib. Tədbirdə paytaxtın hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə binanın fasadından və salondan “26” və ingilis dilində yazılmış “Twenty Six” sözləri çıxarılıb, kafedəki avadanlıq müsadirə olunub.
Hacıbala Abutalıbov KİV nümayəndələrinə müsahibəsində deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa göstərişi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçmiş 26-lar adına bağda (indiki “Sahil” bağı) azərbaycanlılara qarşı soyqrımı təşkil etmiş qatil Şaumyan başda olmaqla, Bakı komissarlarının qəbirləri açılmış və orada əsas qatillər olan nə Şaumyanın, nə Əmirovun və nə də Avakyanın sümükləri tapılmamışdı. Doğrudan da tarix göstərdi ki, bu qatillər öz havadarlarının əli ilə xaricə qaçmış, azərbaycanlıların qızıl və digər sərvətlərini də xaricə aparmışlar. Təəssüf edirəm ki, azərbaycanlılara qarşı soyqırımı törətmiş belə şəxslərin xatirəsinə Bakının mərkəzində, Yazıçılar Birliyinin binasının bir hissəsi icarəyə götürülərək “26” adlı kafe açılıb. Bu obyektin sahibləri “26” sözünü təkcə Azərbaycan dilində yox, hətta ingilis dilində yazmağa cürət ediblər. Qoy, ermənilər və havadarları bilsinlər ki, nə qədər ki Azərbaycan xalqı yaşayır, erməni qatillərə, soyqırımı təşkilatçılarına və onların havadarlarına nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yer yoxdur və heç zaman da olmayacaq”.
Bakı meri bu obyektin fəaliyyətinin dayandırıldığını, kafeni açan şəxslərin cinayət məsuliyyətinə cəlb olunacağını və məsələyə hüquqi qiymət veriləcəyini bildirib.