Qərargah: Qəbələdə meşə ərazisindəki yanğın tam söndürülüb

Avqustun 28-dən Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığında meşə ərazisində başlamış yanğının söndürülməsi əməliyyatı başa çatıb.

Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi üzrə Əməliyyat Qərargahından AZƏRTAC-a bildiriblər ki, yanğın sentyabrın 7-də saat 17:00 radələrində söndürülüb. Ötən günlər ərzində həyata keçirilmiş təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınların yaşayış məntəqələrinə və təsərrüfat sahələrinə keçməsinin qarşısı alınıb, əhali arasında xəsarət alan olmayıb.

Xatırladaq ki, yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və texnikası cəlb olunmuşdu.