Astarainfo.az xəbər verir ki, Astara rayon Mədəniyyət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Quliyevin əsərlərindən ibarət sərgi və anadan olmasının 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
Tədbiri giriş sözü ilə Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov açaraq yubilyar haqqında məlumat verib.
Ilk olaraq Astara rayon İcra hakimyyətinin başçısı Qəzənfər Ağayevin təbrik məktubu oxunub və rayon İcra hakimiyyətinin məsul işçisi Mərasim Hacızadə rayon İcra hakimyyəti başçısının Fəxri Fərmanını yubilyara təqdim edib. Sonra Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilovun yubilyara təbrik teleqamı oxunub.
Tədbirdə yubilyarın sənət dostları Azərbaycan Rəssamlar İttifaqının üzvləri-Əməkdar İncəsənət Xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Əməkdar rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Asif Azərelli çıxış edərək Firudin Quliyevin rəssamlıq sənətinə verdiyi töhfələrdən, onun əsərlərinin mövzu müxtəlifliyindən, dünya rəssamlıq sənətində ilk olaraq İslam dininin müqəddəs kitabı olan Qurani Kərimin surələrini rəsm dili ilə xalqa çatdırması barədə fəxarətlə danışmış, bu yolda yubilyara uğurlar arzulamışlar.
Firudin Quliyevin müəllimi olmuş Əməkdar müəllim Heybət Hüseynov, Astara rayon İcra hakimyyətinin başçısının Astara şəhəri üzrə nümayəndəsi, şair Şahverən Cavad, Azərbaycan yazıçılar birliyinin üzvləri, şairə xanımlar Sakitə Ülvi və Dilarə Azəri, rayon Mədəniyyət Mərkəzinin direktoru Hacıbala Ramazanov, rayon Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva, rayon Tarix-Diyarşümaslıq muzeyinin direktoru Gülzar İsmayılova, yubilyarın uşaqlıq dostları, eyni zamanda yetirmələri çıxış edərək Firudin Quliyevə öz xoş arzularını bildirmişlər.
Tədbirdə rayon Mədəniyyət Mərkəzinin Sevinc mahnı və rəqs ansamblının üzvləri rəngarəng musiqi nömrələri ilə çıxış edərək tamaşaçıların alqışlarına layiq görülmüşlər.
Sonda Firudin Quliyev çıxış edərək belə bir tədbirin keçirilməsi üçün rayon tədbirin təşkilatçılarına təşəkkürünu bildirmiş, dəyərli vaxtını sərf edərək bu tədbirə gəlmiş, sənət dostlarına, mədəniyyətsevərlərə öz minnətdarlığını bildirmişdir.
Astarainfo.az