“China Energy Company Limited” şirkəti “Rosneft”ə şərik olacaq

Çinin “China Energy Company Limited” (CEFC) şirkəti Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkətinə şərik olacaq.

AZƏRTAC xəbər verir ki, “China Energy Company Limited” “Rosneft”in səhmlərinin 14,16 faizini 9,1 milyard dollara alır. İngiltərə-İsveçrə birgə şirkəti olan “Glencore” və Qətərin Dövlət Fondundan ibarət konsorsiumun “Rosneft”dəki 14,16 faizlik səhmlərini 9,1 milyard dollara CEFC-ə satacağı bildirilib.

“Glencore”dən edilən şərhdə, səhm satışı bütün əlaqədar təşkilatların təsdiqindən sonra qüvvəyə minəcəyi qeyd edilib. Satış əməliyyatından sonra “Glencore”nin “Rosneft”dəki səhmlərinin nisbəti 0,5 faizə, Qətər Dövlət Fondunun səhmləri isə 4,7 faizə düşəcək.

Bu şərhdən sonra “Rosneft” səhmlərinin dəyəri Moskva Birjasında 3,17 faiz artıb.

Qeyd edək ki, “Rosneft”in dövlətə aid olan səhmlərinin 19,5 faizlik hissəsi ötən ilin dekabrında 10,5 milyard avroya “Glencore” və Qətər Dövlət Fondundan ibarət konsorsiuma satılmışdı.