Günəşdə güclü partlayış davam edir.

Fizika İnstitutu məlumat yayıb. Verilən informasiyada bildirilir ki, Günəşdə baş verən güclü partlamalar nəticəsində yerdə böyük maqnit qasırğası yaranıb. Maqnit qasırğasının hələ bir neçə gün davam edəcəyi bildirilib.

Qeyd edək ki, sentyabrın 6-da Günəşdə güclü partlayış baş verib. Bu son 12 il ərzində baş vermiş ən güclü partlayış hesab olunur. Günəşdə baş verən partlayışlar elm baxımından 5 səviyyədə ölçülür. Bunlar astronomiyada A, B, C, M и X kimi hesablanır. Hesablamalara görə, A zəif, X isə güclü partlayışdır. İndi baş verən hadisə X partlayış növünə aid edilir. Alimlərin sözlərinə görə, bu partlayışın Yerə təsiri çox güclü olacaq.

Məsələ ilə əlaqədar AMEA Şamaxı Astrofizika Rəsədxanası tərəfindən açıqlama verilmişdi. Rəsədxananın elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov “Ölkə.Az”a açıqlamasında bildirmişdi ki, baş verən hadisə təbii prosesdir. Onun sözlərinə görə,  bu gün baş verən partlayış həqiqətən də X səviyyəsində olub.

“Bu partlayış gün ərzində davam edib. Bu hadisənin təsiri gün yarımdan, uzağı iki gündən sonra bilinəcək”, – deyə Xıdır Mikayılov bildirib.

Alimin sözlərinə görə, müxtəlif dövrlərdə belə alışmalar olub:

“Həmin dövrlər ciddi fəsadlar olmayıb. Sadəcə xəstə və səhhətində problem olan insanlar var. Həmin insanlara müəyyən mənada bu partlayış təsir edə bilər. Belə insanlar günün altında olmamalıdırlar. Çalışıb evdə qalmalıdırlar”.

X.Mikayılov deyir ki, bu hadisədən sonra müxtəlif problemlər də yarana bilər:
“Günəşdə partlayış kommunikasiya və elektrik xətlərində problemlər yarada bilər. Vaxtilə belə problemlər olub. İndi ümid edək ki, belə təhlükə olmayacaq”.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Harvard universitetinin astronomiya fakultəsinin rəhbəri Abraham Loeb və onun həmkarı Manasvi Linqam məlum hadisə ilə bağlı dəhşətli proqnozlar irəli sürmüşdülər. Onların iddialarına görə, bəşəriyyəti Günəşdə baş verən güclü partlayış məhv edəcək. X.Mikayılov həmin iddianı belə izah edib:

“Amerika alimlərinin Günəşdə güclü partlayış nəticəsində bəşəriyyət məhv ola bilər iddiası əslində şişirdilmiş fərziyədir. Həmin alimlər ola bilər hadisə barədə hansısa fikir səsləndiriblər. Mətbuat vasitəsilə həmin fikirlər şişirdilib. Nüfuzlu alimlər belə söz deyə bilməzlər. Bu sözlər cəfəngiyyatdır”.