Dispetçer məntəqəsində telefon zəng çalır. Növbətçi dəstəyi qaldıraraq cavab verir:
-Alo, “103” xidmətinin dispetçeri sizi eşidir!
Sonra o, zəng edənin söylədiyinə əsasən çağırış ünvanını, təcili tibbi yardıma ehtiyacı olan xəstənin tibbi vəziyyətini, yaşını və digər məlumatları öyrənərək onları növbətçi həkimə çatdırır.
-Məlumat növbətçi həkim briqadasına çatan kimi onlar dərhal hadisə yerinə tələsirlər. Axı, hər telefon zənginin arxasında bir insan ömrü
dayanır. Bəzən bir dəqiqə, bir an hər şeyi həll edir. Ona görə də gecikmədən onları ümidlə gözləyən ünvana üz tuturlar, -deyə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini, tibb üzrə fəlsəfə doktoru Murad Mirzəzadə AZƏRTAC-ın müxbirinə məlumat verir: “Hər gün stansiyanın həkimləri paytaxtın müxtəlif ünvanlarından daxil olan zənglərə əsasən təqribən 2 min xəstənin çağırışına yollanırlar. Bu ilin səkkiz ayı ərzində stansiyaya 45 mindən artıq zəng daxil olub və çağırışına getdiyimiz xəstələrdən 43,6 mindən çoxu xəstəxanalara yerləşdirilib. Müraciət edən 1,5 minədək xəstə görülən reanimasiya tədbirləri nəticəsində ağır vəziyyətdən çıxarılaraq həyata qaytarılıb. Sentyabrın 1-dək Tibbi yardım Stansiyasına qəfləti xəstəliklərlə əlaqədar 24,2 mindən artıq, miokard infarktı ilə əlaqədar 600-dən artıq, insultla əlaqədar 2,5 minə yaxın, doğuşla əlaqədar 2,1 min, avtoqəza zamanı xəsarət alanlarla əlaqədar 1,5 min müraciət daxil olub. Tibbi yardıma ehtiyacı olan 250-dən artıq yaşayış yeri məlum olmayan xəstəyə ilkin yardım göstərilərək xəstəxanalara yerləşdirilib. Pediatrik reanimasiya briqadaları küvez aparatların köməyi ilə paytaxtın doğum evlərində anadan olmuş çəkisi normadan az olan və ya qüsurlarla doğulmuş 600-ə qədər körpə Respublika Perinatal Mərkəzinə və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya edilib”.
M. Mirzəzadə bu il Bakıda keçirilən IV İslam Oyunları zamanı stansiya əməkdaşlarının fəaliyyəti barədə də məlumat verib:” Böyük idman tədbiri ilə əlaqədar stansiyanın 90 həkim briqadası və 40 sanitar maşını ayrılmışdı. Həmin müddətdə bizə 172, o cümlədən 50 xarici və 122 yerli vətəndaşın sağlamlığı ilə əlaqədar müraciət daxil olmuş, onlardan 44 nəfəri xəstəxanalara yerləşdirilmişdi”.
Ölkəmizdə təcili tibbi yardım xidməti ötən əsrin 20-ci illərində təşəkkül tapmağa başlayıb. Həmin vaxt Sabunçuda bir həkim və iki akuşerdən ibarət tibbi yardım briqadası neft buruqlarında çalışan və istehsalat travmaları alan neftçi və fəhlələrin həyatını xilas etmək üçün yaradılıb. Ötən bir əsrə yaxın müddətdə çox böyük inkişaf yolu keçən xidmət indi ən müasir texnika və avadanlıqlara malikdir. Baş həkimin müavini deyir: “Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 138 səyyar çağırış briqadası fəaliyyət göstərir. Hər briqadanın tərkibinə 1 həkim, 1 tibb işçisi və 1 sürücü daxildir. Lakin bundan başqa laborator, ultrasəs, rentgen, ruhi və uşaq reanimasiya briqadalar da var və həmin heyətə səyyar briqadalardan fərqli olaraq 1 sanitar işçisi də daxildir. Stansiyamız defibrillyator, monitor, süni tənəffüs aparatı, infuzator və digər zəruri tibbi cihaz və avadanlıqlarla tam təmin olunub”.
O, təcili yardım həkimlərinin işində olan bəzi problem və çətinlikləri də gizlətməyib: “Bəzən elə olur ki, çağırış verən həkimlərin gedəcəyi ünvan dəqiq bəlli olmur, yaxud xəstə özü evdə tək olduğu vaxt təzyiqi və ya şəkəri yüksəldiyini hiss edib stansiyaya zəng edir, lakin yaşadığı ünvanı tanımır. Digər bir məsələ təcili yardıma zəng edərkən dispetçerlərin verdiyi suallara tam dolğun cavab verməməkdir. Halbuki xəstə haqqında öyrənilən məlumat həmin ünvana hansı ixtisaslı həkimin göndərilməsi və xidmətin keyfiyyəti üçündür”.
Dispetçer otağında telefonlar zəng çalır. Növbətçi həkimlər sanitar maşınlara minib yeni ünvanlara tələsirlər. Deməli, haradasa onları gözləyən var…