Yardımlıda gənclər üçün maarifləndirici tədbir keçirilib

Yardımlıda Niderland Krallığının Azərbaycandakı səfirliyinin BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə həyata keçirdiyi “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində gənclər üçün təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi gənclərin və yeniyetmələrin fəal iştirakına yönələn tamamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır. İyirmi gəncin iştirak etdiyi təlimdə iştirakçılara şəhadətnamələr verilib.

Layihə çərçivəsində “Multiplayer”lər formalaşdırmaq məqsədilə “Təlimçilər üçün təlim” başa çatıb. Bu təlimlərdə mövzu üzrə geniş məlumatlar verilib.

Təlimlərdə fərqlənmiş gənc “Multiplayer”lər tərəfindən Bakı və ölkənin müxtəlif bölgələrində cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini artırmaq üçün təlimlər keçirilir.

Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanın 25 şəhər və rayonunu əhatə etməklə 784 gəncin iştirakı ilə 43 təlim keçirilib. Növbəti günlərdə daha 7 təlimin keçirilməsi ilə iştirakçıların sayının 1000 nəfərə çatdırılması nəzərdə tutulub.