“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Almaniyanın KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərsu”dan Trend-ə verilən məlumata görə, qurumun sədr müavini Etibar Məmmədov Almaniyanın KfW Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib. Səhmdar Cəmiyyətin sədr müavini “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, Şəki və Gəncə şəhərlərində su və kanalizasiya sistemləri
nin yenidən qurulması istiqamətində işlər davam etdirilir.
Almaniya KfW bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə layihə rəhbəri Alero Aqbojaroma təmsil etdiyi bankın Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin maliyyələşdirilməsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb.
Görüşdə Gəncə və Şəki şəhərlərində layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Gəncə şəhərlində su mənbələri, magistral kəmərlər üzrə işlər yekunlaşı, hazırda içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir, eyni zamanda tullantı sutəmizləyici qurğunun layihələndirilməsi işləri aparılır. Şəki şəhərində də layihənin birinci mərhələsi yekunlaşıb, hazırda şəbəkələrin tikintisi davam etdirilir. “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilən layihələrdən 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Gəncə və Şəki şəhərlərinin 550 minədək sakini faydalanacaq.