Sabah Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasının rəsmi açılışı olacaq. Ənənəvi ümumi müzakirələr sentyabrın 19-dan 25-dək davam edəcək.
Bu tədbir rəsmi Bakı üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətrafında olan digər ərazilərin işğal altında saxlanıldığını bir daha beynəlxalq ictimaiyyətə çatdırılması üçün fürsətdir.
Məlumata görə, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova – S.S.) məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri sessiyanın ilkin gündəliyinə daxil edilib.
Bu qətnamə layihələri BMT Baş Assambleyasının 71-ci sessiyası zamanı müzakirə olunmadığından bu ilki toplantının gündəliyinin uyğun olaraq 36 və 40-cı bəndləri altında əlavə olunub.
İclasda müzakirə olunacaq məsələlərin siyahısına ümumilikdə 171 bənd, o cümlədən sülh və təhlükəsizlik, Afrikanın inkişafı, silahsızlaşdırma, narkotiklərin yayılmasına nəzarət, beynəlxalq terrorizmlə mübarizə və s. problemlər daxildir.
Ümumiyyətlə, Baş Assambleya BMT-nin əsas müşavirə orqanıdır. Onun tərkibinə bir səsə malik hər bir iştirakçı dövlətin nümayəndəsi daxildir. Sülh və təhlükəsizlik və ya yeni üzvlərin qəbul olunması kimi mühüm məsələlər üzrə qərarlar 2/3 səs çoxluğu ilə qəbul olunmalıdır. Digər məsələlər üzrə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər il sentyabrdan dekabra qədər Baş Assambleyanın sessiyası intensiv işləyir, sonradan ehtiyac duyulduğu təqdirdə qurum iclaslarını keçirir.
Xatırladaq ki, daha əvvəl BMT Baş Assambleyasının qarşıdakı sessiyasının sədri kimi yekdilliklə slovak siyasətçi və diplomat Miroslav Layçak seçilib və o, BMT Baş Assambleyasının 72-ci sessiyası zamanı altı prioritet istiqaməti müəyyənləşdirib: münaqişələrin qarşısının alınması, miqrasiya, insan hüquqlarının qorunması, davamlı inkişaf, iqlim dəyişikliyi və bərabərliyin təmin olunması.
Dağlıq Qarabağ münaqişəsi üzrə beynəlxalq vasitəçilər, ATƏT-in Minsk qrupunun həmsədrləri Nyu-Yorkda Baş Assambleyanın sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşünü keçirməyi də planlaşdırırlar.
E.Məmmədyarov bildirib ki, erməni həmkarı Edvard Nalbandyanla görüşü razılaşdırılıb, ancaq hələlik dəqiq tarix bilinmir: “Hələlik gözləyirik. Ola bilsin görüş Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyasının açılışı çərçivəsində keçirilsin”.
Onun sözlərinə görə, görüşdə siyasi qərar qəbul edilməlidir: “Dəfələrlə dediyimiz kimi, əvvəlcə Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır”.
XİN başçısı BMT Baş Assambleyasının sessiyasının gündəliyində Azərbaycanın və GUAM ölkələrinin işğal olunmuş ərazilərinə dair iki qətnamənin əksini tapdığını da xatırladıb.
Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi məsələsinə BMT Baş Assambleyasının 2008-ci il martın 14-də keçirilən 63-cü sessiyasında baxılıb.
Həmin toplantı Təhlükəsizlik Şurasının 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri əsas tutaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılmasını tələb edən qətnamə qəbul edib. Assambleyanın 9 il əvvəl qəbul etdiyi qətnamənin başlığı belə olub: “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”. 9 maddəlik bu qətnamədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bir daha vurğulanıb.
Qeyd edək ki, həmin qətnamələrdə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan dərhal çıxarılması tələb olunur.
BMT Təhlükəsizlik Şurasının həmin sənədləri qəbul etməsindən 24, Baş Assambleyanın isə uyğun sənədi təsdiqləməsindən 9 ilə yaxın vaxt keçməsinə baxmayaraq, beynəlxaq ictimaiyyət Azərbaycan torpaqlarının bir qarışının da işğaldan azad edilməsinə nail ola bilməyib.
Azərbaycan tərəfi ötən bu müddət ərzində hər il Dağlıq Qarabağın işğaldan azad olunması ilə bağlı məsələni assambleyanın gündəliyinə salınmasını təklif edir. Məsələnin müzakirəsi isə hər dəfə növbəti toplantının sessiyasınadək təxirə salınır.
Ümid edək ki, XİN başçılarının növbəti görüşü onu təşkil edən həmsədrlər üçün əhəmiyyət kəsb edəcək. Çünki həmsədrlər beynəlxalq vasitəçi rolunda çıxış ediklərindən bu istiqamətdə fəal olduqlarını göstərməyə çalışırlar. Lakin ötən illərin təcrübəsinə əsasən, belə qənaətə gəlmək olar ki, bu görüş onların iş planında qarşısında “icra olundu” ifadəsini yazmaq üçün lazımdır.
“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” məsələsi də böyük ehtimalla növbəti sessiyanın gündəliyinə keçiriləcək.
Beləliklə, BMT Baş Assambleyasının 72-ci sessiyası əvvəlkilər kimi nəticəsiz müzakirələrlə davam edəcək. Qurumun qəbul etdiyi sənədlər kağız üzərində qaldığından assambleya beynəlxalq problemlərdən danışılan “diskussiya klubu”na çevrilib.