Hindistan şirkətləri Azərbaycanın tikinti sektorunda biznes imkanlarını araşdırırlar

Hindistan şirkətləri Azərbaycanın tikinti sektorunda biznes imkanlarını araşdırırlar.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından AZƏRTAC-a bildiriblər ki, Bakıda “Azərbaycan–Hindistan tikinti biznes-forumu” keçirilib.

Tədbirdə hər iki ölkədə sahibkarlığın mövcud vəziyyəti, investisiya, partnyorluq imkanları barədə təqdimatlar dinlənilib, gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, sahibkarlığa dövlət dəstəyi mexanizmləri, xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində ASK tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib və hindistanlı iş adamlarını fəal əməkdaşlığa dəvət edib. Vüqar Zeynalov Azərbaycanın tikinti sektorundakı inkişaf trendlərindən söhbət açıb. O, hindistanlı iş adamlarına ölkəmizdə investisiya yatırmaq üçün hansı prosedurlardan keçmək lazım olduğunu, bu zaman əldə edəcəkləri güzəştlərdən, həmçinin mövcud qanunvericilikdən söhbət açıb. V.Zeynalov qeyd edib ki, Azərbaycanla Hindistan iş adamlarını bir araya gətirməkdə əsas məqsəd iki ölkənin biznes strukturları, ticarət və investisiya sahələrində fəaliyyət və gələcək əməkdaşlıq imkanlarını araşdırmaqdır. Bildirib ki, biznes sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayələrin əldə olunması, müştərək müəssisələrin yaradılması istiqamətində birgə əməkdaşlıq faydalı ola bilər.

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana çıxışında Azərbaycan-Hindistan dostluq əlaqələrinin inkişafına toxunub. Onun sözlərinə görə, iki ölkə arasında kifayət qədər ciddi siyasi, iqtisadi, mədəni əməkdaşlıq və mübadilə layihələri həyata keçirilir. Azərbaycan iqtisadiyyatının Hindistan iş adamları üçün cəlbedici olduğunu deyən səfir qeyd edib ki, xeyli sayda hindistanlı Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, Hindistanın İnşaat Peşəkarları Assosiasiyasının nümayəndələrini də bu imkanlardan yararlanmağa dəvət edib. Səfir belə görüşlərin gələcək əlaqələrin inkişafına müsbət təsir edəcəyini vurğulayıb.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul əməkdaşı Fəxri Aydəmir komitənin fəaliyyəti və həyata keçirilən layihələr haqqında təqdimatla çıxış edib. Bildirib ki, son illərdə aparılan sosial-iqtisadi islahatlar ölkəmizin inkişafına öz müsbət təsirini göstərib. İqtisadi və sosial inkişaf tikinti, şəhərsalma və memarlıq sahəsinin genişmiqyaslı inkişafına səbəb olub. Fəxri Aydəmir qeyd edib ki, respublikada milli və tarixi irsin, şəhərsalma, memarlıq abidələrinin, təbii-mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanması və mühafizəsinə xüsusi önəm verilir. Son illərdə ölkəmizin əldə etdiyi uğurlarda, memarlıq abidələrinin inşa olunmasında və bərpasında bunları daha aydın şəkildə görmək mümkündür. Paytaxtımızda tikilib istifadəyə verilən möhtəşəm memarlıq obyektlərinin layihə sənədlərinin hazırlanmasında yerli memarlarla yanaşı, tanınmış əcnəbi memarların da xidmətləri danılmazdır. Klassika ilə müasirliyin vəhdəti nəticəsində Bakı şəhəri möhtəşəmliyi ilə dünyanın ən gözəl şəhərləri sırasında özünəməxsus yerlərdən birini tutub.

350–dən çox üzvü olan Hindistanın Marathi Bandkham Vyavsayik Assosiasiyasının baş katibi Sandeep Kolatkarın sözlərinə görə, bu günədək daşınmaz əmlak sektorunda baş verən yeniliklər və trendlərlə tanış olmaq məqsədilə bir çox ölkələrə səfər edərək zəngin təcrübə toplayıblar. Qonaq bildirib ki, Azərbaycanda baş verən sürətli inkişaf assosiasiya üzvlərinin də diqqətindən yan keçməyib, ölkəmizə səfərləri çərçivəsində daşınmaz əmlak sektorunda yeniliklər, tikinti sahəsində əməkdaşlıq imkanları, şəhərimizin əsas memarlıq nümunələri, şəhərsalma prosesi və dayanıqlı inkişaf modelləri ilə yaxından tanış olacaq və gələcək əməkdaşlıq imkanlarını araşdıracaqlar.

Tədbirdən sonra Hindistanın tikinti şirkətlərinin nümayəndələri Bakının məşhur inşaat simaları olan “Crystal Hall”, Heydər Əliyev Mərkəzi, Bakı Olimpiya Stadionunu ziyarət ediblər.

Qeyd edək ki, Azərbaycanda həyata keçirilən layihələr və qarşılıqlı investisiya imkanları ilə tanış olmaq məqsədilə Hindistanın İnşaat Peşəkarları Assosiasiyasının üzvlərindən ibarət böyük nümayəndə heyəti ölkəmizdə səfərdədir. Hindistanlı iş adamları səfərləri çərçivəsində Bakıda memarlıq nümunələri ilə tanış olacaq, ölkəmizin inşaat sektorunda və daşınmaz əmlak bazarında olan yeniliklərdən xəbər tutacaqlar.