Prezident iki məktəbdə əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub – YENİLƏNİB

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məktəbin binasında görülən işlər barədə məlumat verib.

Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, məktəbin əsas korpusu 1960-cı ildə, ikinci korpusu isə 2007-ci ildə inşa olunub. Hər iki korpusda yenidənqurma işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Məktəbdə 53 sinif, 2 informatika otağı, fizika, kimya, biologiya laboratoriyaları, idman və akt zalları, hərbi otaq və kitabxana var. Təhsil ocağında, həmçinin “Sağlam təhsil” və tibb otaqları da yaradılıb. Sinif otaqlarının hamısı zəruri tədris vəsaitləri ilə təchiz edilib. Hazırda məktəbdə 1180 şagird təhsil alır. Təhsil müəssisəsində şagirdlərin idmanla məşğul olmaları üçün hərtərəfli şərait yaradılıb. Təmir işləri çərçivəsində idman zalı və idman meydançası da yüksək səviyyədə yenidən qurulub.

Yenidənqurma zamanı 239 nömrəli məktəbin həyətində də geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb.

Məktəbin binasında yaradılan şəraitlə tanış olan dövlət başçısı kollektivə uğurlar arzulayıb.


*** 10:11

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 nömrəli və 20-ci yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəblərdə əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.