Sentyabrın 12-də Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Açıq qapı günü” – yenicə tələbə adını qazanan gənclər və onların valideynləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə gəmiçiliyin rəhbər işçiləri, akademiyanın müəllim heyəti iştirak ediblər.
Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev builki tələbə qəbulunun yekunları, akademiyada tədrisin təşkili, tələbələr üçün yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, 2017-2018-ci tədris ilində Dəniz Akademiyasına qəbul olan tələbələr sırasında yüksək bal toplayanların sayı daha da artıb. 10 nəfər yüksək bal toplamış tələbələrdən 3-ü 600 baldan yuxarı, 7-si isə 500 baldan yüksək nəticə əldə edib. 6 tələbə akademiyanı fərqlənmə ilə başa vuraraq məzun adını qazanıb. Təhsil müəssisəsinin 23 tələbəsinə işlə təmin olunmaları barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) tərəfindən zəmanət məktubu verilib.
Sosial məsələlərə gəldikdə isə Ç.Əliyev qeyd edib ki, tələbələr dərs vəsaitləri, yataqxana, geyim forması və gündə 2 dəfə isti yeməklə pulsuz təmin olunur. Bundan əlavə akademiyanın öz hesabına rus və ingilis dilində kurslar da təşkil olunur ki, tələbə və müəllim heyəti bundan yararlanır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Cəbrayıl Mahmudlu bildirib ki, hər il Dəniz Akademiyasında yeni imkanlar yaradılır və AXDG rəhbərliyi burada yaradılan şəraitə dəstək olur, daim diqqətdə saxlayır. Gəmiçiliyin nəzarəti ilə bu
rada mütəxəssislərin hazırlanması, kadr potensialının artırılması məsələlərinə xüsusi diqqət yetirilir.
Tələbələri dərslərində müvəffəqiyyətli olmağa və nizam-intizam tələblərini yerinə yetirməyə çağıran sədr müavini diqqətə çatdırıb ki, bu il 400-ə yaxın IV kurs tələbəsindən təxminən 230-u təhsilini başa vurmağa müvəffəq olub, 140 nəfəri isə dövlət imtahanını verə bilməyib.
AXDG sədr müavini Nəzrəddin Əhmədzadə bildirib ki, Dəniz Akademiyasına yüksək balla qəbul olan tələbələrin sayının artması təhsilə verilən yüksək qiymət və diqqətin göstəricisidir. Burada gəmiçilik sahəsinin əhəmiyyəti öyrədilir, tələbələrin praktikalara, asudə vaxtlarının səmərəli keçirilməsinə, idman oyunlarına cəlbi üçün hər cür şərait yaradılır. Dövlət, dövlətçilik və vətənpərvərlik prinsipləri tələbələrə aşılanır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məsləhətçisi, uzaq səfərlər kapitanı Muxtar Axundov isə Dəniz Akademiyasının tarixindən bəhs edib, gənclərə dərslərində uğurlar arzulayıb.
Sonra AXDG-nin Strateji İnkişaf və İnvestisiya Layihələri Departamentinin rəisi Tariyel Mirzəyev akademiyanın fəaliyyəti ilə bağlı təqdimatla çıxış edərək ADDA-nın qısa tarixi, AXDG-nin strukturu, gəmiçiliyin hədəf və məqsədləri, AXDG-nin gənclər siyasəti, akademiyanın nəticələri və gəmiçiliyin balansında olan gəmilər barədə məlumat verib.
Sonda gənclərin və valideynlərin sualları səsləndirilib, gənclər və valideynlər öz ürək sözlərini bildirib. 6 məzuna fərqlənmə diplomları verilib, yüksək balla daxil olan 10 nəfər tələbəyə tələbə biletləri və hədiyyələr təqdim olunub.
Rəsmi hissə bitdikdən sonra görüş iştirakçıları Dəniz Akademiyasının auditoriyaları və laboratoriyaları ilə tanış olub.