İçərişəhər açıq səma altında növbəti sərgiyə hazırlaşır

Sentyabrın 16-da İçərişəhərdə açıq səma altında bir neçə gənc rəssamın sənət əsərlərindən ibarət rəsm sərgisi açılacaq. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə keçiriləcək.

Bu barədə AZƏRTAC-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib. O deyib: “Art weekends in Icheri Sheher” layihəsi çərçivəsində təşkil olunan sərgidə fırça ustalarının 15-dən çox sənət əsəri ziyarətçilərin ixtiyarına veriləcək. Müxtəlif texnika ilə işlənmiş çoxsaylı sənət əsərinin də yer alacağı sərgi paytaxt sakinləri və şəhərimizin qonağı olan turistlər üçün nəzərdə tutulub”.

Qeyd edək ki, insanların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə sözügedən layihə çərçivəsində hər həftənin şənbə və bazar günləri müxtəlif sərgilər təşkil edilir.