Qurban Qurbanov: “Hücum etməkdən çəkinməyəcəyik”

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ” səfərdə “Chelsea” ilə qarşılaşacaq.
 “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb:
“Chelsea” dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir. İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. Rəqibin baş məşqçisi dünyanın ən güclülərindəndir. Bilirik ki, ilk dəqiqələrdən rəqib bizi müdafəyə oturtmağa cəhd edəcək. Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. “Chelsea”nin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa “Chelsea”ni təmsil edir. Antonio Konte çox ambisiyalı məşqçidir, inanmıram ki, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. “Chelsea”nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, sabah onlar qələbə üçün meydana çıxacaq”.