ABŞ Dövlət Departamenti Mehman Əliyevin azad olunmasını alqışlayır

ABŞ saxlanılan Turan informasiya agentliyinin direktoru Mehman Əliyevin azad edilməsini alqışlayır.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, Amerika Birləşmiş Ştatları sentyabrın 11-də Turan informasiya agentliyinin baş redaktoru Mehman Əliyevin həbsdən azad edilməsini müsbət qiymətləndirir və onun üzərindən ittihamların götürülməsini istəyirlər.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq verib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, bu qərar Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Prezidentinin dəyişməz mövqeyi və ali iradəsinin təcəssümüdür.

Mehman Əliyev 2017-ci il avqustun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.