Azərbaycan və Vyetnam uzunmüddətli dost ölkələrdir

Vyetnamda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və Daimi Katibliyinin üzvü Trank Quok Vuonqla görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Vyetnama rəsmi səfərinin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf etdiyini xatırladıb, ikitərəfli əməkdaşlığın inkişafından məmnun olduğunu bildirib. O, həmçinin 2019-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfərinin 60 illiyinin qeyd ediləcəyini deyib, bu səfərin, eləcə də ümummilli lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama etdiyi səfərin ikitərəfli münasibətlərin formalaşmasında önəmli mərhələ olduğunu vurğulayıb.

Nazir Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı və Yeni Azərbaycan Partiyasının üzvü Rauf Əliyevin də yer aldığını qeyd edərək, Yeni Azərbaycan Partiyası ilə Vyetnamın Kommunist Partiyası arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

Daha sonra E.Məmmədyarov rəsmi səfəri çərçivəsində keçirdiyi səmərəli görüşlər barədə həmsöhbətini məlumatlandırıb və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından geniş müzakirələrin aparıldığını qeyd edib. Xüsusilə iqtisadi əməkdaşlıq sahəsinə toxunan nazir Azərbaycanın Vyetnam ilə Avropa arasında nəqliyyat bağlantısı rolunu oynaya biləcəyini diqqətə çatdırıb və Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanlarından danışıb.

Trank Quok Vuonq Azərbaycanı və Vyetnamı ənənəvi və uzunmüddətli dost ölkələr adlandıraraq, müxtəlif dövrlərdə ölkəsinə verdiyi dəstəyə görə Kommunist Partiyası adından Azərbaycana təşəkkür edib. O, mövcud əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə ölkələrimiz arasında sərmayə qoyuluşu, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.