İlkin proqnozlara görə, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) süni intellekt sahəsində araşdırmalara yatırılan investisiyaların həcmi 2017-ci ilin sonu üçün 33 milyard dirhəmə (8,9 milyard ABŞ dolları) çatacaq.
AZƏRTAC Əmirliklərdə çıxan “Gulf News” nəşrinə istinadla xəbər verir ki, ekspert və alimlərin hesablamalarına görə, BƏƏ-də süni intellekt sahəsində araşdırmalara yatırılan investisiyalar son üç ildə 70 faiz artıb və bu da ölkənin müasir texnologiyalar və süni intellekt dünyasına əsaslı şəkildə daxil olduğunu göstərir.
Bildirilir ki, son bir neçə ildə BƏƏ hökuməti Ərəb Əmirliklərini bütün sahələrdə müasir texnologiyalar tətbiq edən ən qabaqcıl ölkələrdən birinə çevirmək səylərində ardıcıl olub. Yüksək texnologiyaların tətbiqi siyasətinin yürüdülməsi nəticəsində Birləşmiş Əmirliklər elektron hökumətdən “ağıllı” hökumətə çevrilə bilib.
BƏƏ-nin iqtisadiyyat nazirinin sənaye məsələləri üzrə müavininin köməkçisi Abdulla Al-Fan Al-Şəmsi “Gulf News” nəşrinə müsahibəsində bildirib ki, hazırda süni intellekt gələcəyin əsas komponenti, dördüncü sənaye inqilabı üçün təməl rolunu oynayır. Onun sözlərinə görə, BƏƏ-də yüksək texnologiyalar sahəsində araşdırmalara yatırılan investisiyaların həcmi haqqında proqnoz ölkə rəhbərliyinin həyati əhəmiyyətə malik sektorların rəqabətədavamlılığını və dayanıqlılığını artırmaq üçün müasir texnologiyalardan istifadə sahəsinə göstərdiyi diqqəti əks etdirir.