Bakının daha üç rayonunda bölmə iclasları təşkil olunub

Bölmə iclaslarının təşkilinin əsas məqsədi Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransından irəli gələn məsələləri, həmçinin 2016-2017-ci tədris ilinin yekunlarını və yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, təkliflər hazırlamaqdır.

İclaslarda ötən tədris ilində görülən və yeni dərs ilində nəzərdə tutulan işlərə, 2017-2018-ci tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə təhsil nazirinin əmri ilə bağlı “Fəaliyyət planı”na uyğun tədbirlərin görülməsinə, tədris plan və proqramlarının yerinə yetirilməsinin təmin olunmasına, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılmasına, pedaqoji işçilərin fəaliyyətinin qiymətləndirilməsinə, məktəblilər arasında olimpiadaların keçirilməsi və xüsusi istedada malik şagirdlərin bilik yarışlarına cəlb olunmasına toxunulub.

Tədbirlərdə qeyd edilən məsələlərlə bağlı çıxışlar olub, müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

Qeyd edək ki, paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulan bölmə iclasları ötən gün Nizami, Nərimanov, Səbail, Yasamal və Qaradağda təşkil olunub.