Elmar Məmmədyarov: Vyetnam “Şimal-Cənub” nəqliyyat dəhlizinin imkanlarından faydalana bilər (FOTO)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Fam Binh Minhlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xarici işlər nazirləri Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə dair hər iki dövlətin başçıları tərəfindən ünvanlanmış təbrik məktublarını təqdim ediblər.

E.Məmmədyarov Azərbaycan və Vyetnam arasında ikitərəfli münasibətlər dərin tarixi köklərə malik olduğunu bildirərək, bu xüsusda, 1959-cu ildə Vyetnamın sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfəri, həmçinin 1983-cü ildə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama səfərini xüsusi qeyd edib.

E.Məmmədyarov ikitərəfli münasibətlərin dərinləşdirilməsi və irəlilədilməsində 2014-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfərlərinin əhəmiyyətli rolu olduğunu vurğulayıb. O, bu qarşılıqlı səfərlərin ölkələr arasında əməkdaşlığın inkişafı və siyasi dialoqun intensivləşməsinə təkan verdiyini əlavə edib.

E.Məmmədyarov Azərbaycan və Vyetnam arasında iqtisadi və ticarət əlaqələrin genişləndirilməsi üçün çoxsaylı imkanlar olduğunu və bu kimi imkanların üzə çıxarılması və yeni əməkdaşlıq sahələrinin araşdırılması məqsədilə qarşılıqlı biznes forumların keçirilməsinin faydalı olduğunu qeyd edib. Həmçinin, bu xüsusda, 2015-ci ildə yaradılmış Vyetnam və Azərbaycan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolunu xüsusi vurğulayıb və Komissiyanın həmsədri Tran Tuan Anhla görüşü barəsində həmkarını məlumatlandırıb.

“Şimal-Cənub” nəqliyyat dəhlizinin imkanları barədə həmkarına məlumat verən nazir E.Məmmədyarov Avropaya ixracın artırılmasında maraqlı olan Vyetnamın da bu layihədən faydalana biləcəyini və nəticə etibarilə, Vyetnamdan Avropaya olan nəqliyyat marşrutunun qısalacağını diqqətə çatdırıb.

Sonra nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi barədə məlumat verərək, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini və Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllinə əsas maneə olduğunu vurğulayıb.

Nazir F.B.Minh rəsmi səfərlərin iki dövlət arasında yüksək səviyyəli əməkdaşlığın formalaşmasında əhəmiyyətli rol oynadığını deyib. Uğurlu siyasi dialoqun iqtisadi sahədə də davam etdirilməsinin vacibliyini vurğulayaraq, ticarət dövriyyəsinin artırılması üçün potensial olduğunu bildirib. Həmçinin, Azərbaycanın uğurlu enerji siyasətindən bəhrələnərək, bu sahədə əməkdaşlığın intensivləşdirilməsini təklif edib. Vyetnamlı nazir nəqliyyat-logistika sahəsində əməkdaşlığı iki ölkənin əlaqələrinin inkişafında yeni səhifə ola biləcəyini deyib.

Nazir F.B.Minh 2015-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnamın Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlığın artırılması üçün münbit hüquqi baza yaratdığını və çoxsaylı imkanlar açdığını bildirib.

Nazir F.B.Minh təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunaraq, Vyetnamın neft sahəsində Azərbaycanda təhsil almış mütəxəssislərin çalışdığını xatırladıb, eləcə də Vyetnamın Veso Petrol şirkətinin yaradılmasında azərbaycanlı neftçilərin xüsusi rol oynadığını bildirib.

Görüşdə nazirlər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərini də müzakirə ediblər. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Səfərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı Rauf Əliyev də iştirak edir.