Nazir müavini: Milli kinomuzun şöhrətini özünə qaytarmalıyıq

Azərbaycan kino sənayesinin inkişafını təmin edərək, milli kinomuzun şöhrətini özünə qaytarmalıyıq.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yaşlı və orta nəsil kinematoqrafçılarla görüşdə deyib.

Ə.Vəliyev qeyd edib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk illərdə məlum səbəblərdən kino sənayesi tənəzzül dövrü yaşayıb:

“Amma qısa zamanda bu çətinliklər də aradan qaldırıldı. Ölkə başçısının 2008-ci il 4 avqust tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” milli kino sənətinin inkişafında yeni mərhələnin başlanması idi”.

Ə.Vəliyev deyib ki, son illərdə kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 44 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 208 sənədli, 22 cizgi filmi və “Mozalan” satirik kinojurnalının 18 buraxılışı çəkilib. O cümlədən, dövlət sifarişi ilə Azərbaycan kinosunun aparıcı mövzularından olan Qarabağ müharibəsinə 9 bədii, 85 sənədli film həsr olunub, 2013-2016-cı illərdə “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 75 sənədli film ərsəyə gətirilib.

Azərbaycanda kino sənayesinin böyük potensialının olduğunu deyən Ə.Vəliyev qeyd edib ki, bunu sovet dövründə rejissor, ssenarist, operator və aktyorlarımızın ərsəyə gətirdikləri dəyərli filmlər bir daha sübut edir.