“Hazırkı sərbəst güləş qaydalarında dəyişikliyə ehtiyac yoxdur. Bunlar idmançılara çox baxımlı görüşlər nümayiş etdirmək imkanı verir. Rusiyalı Abdulrəşid Sadullayevlə ABŞ təmsilçisi Kayl Snayderin son dünya çempionatının finalındakı görüşü parlaq nümunə oldu”.
Bunu TASS-a açıqlamasında Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç deyib. Serbiyalı funksioner yunan-Roma güləşindəki dəyişikliklərə də toxunub. Onun fikrincə, 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək qaydalar güləşi daha da cəlbedici və sürətli edəcək: “Belə dəyişikliklər bizə lazım idi. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi daha cəlbedici olacaq. Sərbəst güləşə isə toxunmayacağıq. Dünya çempionatında fantastik dərəcədə maraqlı finallar olacaq. Əvvəllər bunlar olmayıb”.
Qeyd edək ki, UWW Bürosu avqustda Fransanın paytaxtı Parisdə keçirilmiş dünya çempionatında passivliyə görə parterə qoyulma qaydasını geri qaytarıb. Bu qayda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra ləğv edilmişdi.