Oktyabrın 26-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “jAzzeri muğam bands” caz musiqisi axşamında Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov və “Savab” caz qrupu, Əməkdar Artist Mircavad Cəfərov və “Cəngi” estrada folklor qrupu, Əməkdar Artist Rəşad Haşımov və “Rast” qrupu, çoxsaylı müsabiqələrin laureatları, ifaçılar Arslan Növrəsli, Şəhriyar İmanov (tar), Elvin Bəşirov, Nicat Aslanov və Afşin Əlizadə (quartet) iştirak edəcəklər. Konsertdə yerli caz kompozisiyaları və dünyaca məşhur musiqi əsərləri səsləndiriləcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərin İticket.az dan onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Konsert Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində keçiriləcək.

Oktyabrın 20-dən 28-dək keçiriləcək bu festival Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A-A Events” şirkətinin və “The landmark hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə mədəniyyət mərkəzlərinin, şirkətlərin tərəfdaşlığı ilə reallaşacaq.