“Bank VTB (Azerbaijan)” təhsil kreditinin şərtlərini yeniləyib

“Bank VTB (Azerbaijan)” ASC təhsil kreditinin şərtlərini yeniləyib. Yeni şərtlərə əsasən, Bankın təhsil kreditini Rusiya ali təhsil ocaqlarında, eləcə də bütün yerli və digər xarici ölkələrin təhsil müəssisələrində oxuyanlar ala bilər.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Şərtlərə görə, kreditin maksimal məbləği 30 000 manat təşkil edir, vəsait manatla, 6 aydan 60 ayadək müddətə verilir. Kredit təhsil müəssisənin hesabına nağdsız ödəniş yolu ilə bir neçə tranşla köçürülməklə ayrılır. Bir tranşın maksimal həcmi semestr və ya il üçün 10 000 manat təşkil edir. Kreditin alınması üçün borcalandan ilkin ödəniş tələb olunmur.

Kredit üzrə faiz dərəcəsi illik 19%-dan başlayır. Tələbələrin nailiyyətlərini dəstəkləmək üçün “Bank VTB (Azerbaijan)” fərqlənmə ilə oxuyanlara kreditin faiz dərəcəsində 1% endirim də edir.

Kredit həm ali, həm də orta-ixtisas məktəblərində təhsilin ödənişi üçün nəzərdə tutulub. Bu zaman kredit hər hansı təhsil ocağında oxuyanlara, habelə təkmilləşmə və peşə hazırlığının ödənişinə də yönəldilə bilər. Pul vəsaiti təhsil alanın özünə və ya yaxın qohumuna verilə bilər.