BMT QAK: Qaçqın uşaqların təhsilində böhran (FOTO)

BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK-ın 12 sentyabr 2017-ci il tarixdə dərc etdiyi hesabatında deyilir ki, yaşı 5-dən 17-dək olan 3,5 milyondan çox qaçqın uşaq ötən tədris ilində məktəbə getmək imkanından məhrum olub.

Bu rəqəm ibtidai məktəbə gedə bilməyən təxminən 1,5 milyon qaçqın uşağı əhatə edir, 2 milyon yeniyetmə qaçqın isə orta məktəbə gedə bilməyib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib: “BMT QAK-ın mandatı altında olan 17,2 milyon qaçqının yarısı uşaqlardır. Bu yeniyetmələrin təhsili onları qəbul etmiş ölkələrin sülh şəraitində və davamlı surətdə inkişaf etməsi üçün önəmlidir, onlar öz ölkələrinə qayıtmaq imkanı əldə etdiyi zaman bu həm də onların ölkələri üçün önəmlidir. Dünyadakı digər uşaqlarla və yeniyetmələrlə müqayisədə qaçqınlar üçün imkanların məhdudluğu getdikcə daha çox artır”.

“Kənarda qalanlar: Qaçqınların təhsili böhran içərisində” adlanan hesabatda qaçqınların təhsili ilə bağlı BMT QAK-ın mənbələri və statistik məlumatları Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət təşkilatı olan YUNESKO-nun bütün dünyada məktəbə qəbul edilən uşaqlar barəsində məlumatları ilə müqayisə edilir. Bütün dünyada uşaqların 91 faizi ibtidai məktəbə gedirlər. Qaçqınlar üçün bu rəqəm xeyli aşağı olmaqla yalnız 61% təşkil edir, gəlir səviyyəsi aşağı olan ölkələrdə isə bu rəqəm 50%-dən də azdır.

Qaçqın uşaqlar böyüdükcə maneələr də artır: qaçqın yeniyetmələrin yalnız 23%-i orta məktəbə qəbul edilirlər, müqayisə üçün qeyd edək ki, dünya üzrə bu rəqəm 84 faizdir. Gəlir səviyyəsi aşağı olan ölkələrdə qaçqınların yalnız 9 faizi orta məktəbə getmək imkanına malikdirlər.

Ali təhsil sahəsində isə vəziyyət böhran həddindədir. Bütün dünyada ali təhsil müəssisələrinə qəbulun göstəricisi 36 faiz təşkil edir. Qaçqınlara gəlincə, təqaüd proqramlarına və digər proqramlara vəsait qoyuluşu sayəsində ümumən bu sahədə vəziyyət xeyli yaxşılaşsa da, faiz göstəricisi 1 faiz həddində qalır.

Beynəlxalq birlik bu tendensiyaları aradan qaldırmaq üçün hərəkətə keçməsə, “Dayanıqlı İnkişaf Məqsədləri”nə (2030-cu ilədək dünyanın transformasiyasını hədəfləyən 17 məqsədə) çata bilməyəcək. Həssas durumda olan əhali qruplarının, o cümlədən qaçqınların və zorla didərgin salınmış digər əhalinin təhsil ehtiyacları təmin edilməsə 4-cü məqsəd (“İnklüziv və keyfiyyətli təhsili təmin etmək və hər kəs üçün davamlı təhsil imkanlarını təşviq etmək”) gerçəkləşməyəcək. Təhsil məsələlərinə əhəmiyyət verilməsə, sağlamlığı, firavanlığı, bərabərliyi və əmin-amanlığı hədəfləyən bir çox digər inkişaf məqsədləri üçün də əngəl yaranmış olacaq.

Hesabatda çağırış edilir ki, təhsil qaçqınlarla bağlı fövqəladə vəziyyətlərə reaksiyanın fundamental amili hesab edilsin və uzunmüddətli planlaşdırma və güvənli maliyyələşdirmə vasitəsilə dəstəklənsin. Hesabatda hökumətlərə çağırış edilir ki, ən təsirli, ədalətli və davamlı reaksiya olaraq qaçqınları öz milli təhsil sistemlərinə buraxsınlar və həmçinin bu cür siyasətin həyata keçirilməsinə yönələn diqqətəlayiq səylərdən bəziləri (hətta resursları artıq son həddə yaxınlaşan ölkələr tərəfindən göstərilən səylər) işıqlandırılır.

Hesabatdakı rəylərdə keyfiyyətli tədrisin vacibliyi və müəllimlərin hazırlıqlı, motivasiyalı olması və dünyanın ən dar sinif otaqlarında şagirdlərə müsbət təsir göstərmək iqtidarında olması üçün zəruri olan milli və beynəlxalq dəstək şəbəkələrinin əhəmiyyəti bir daha vurğulanır. Hesabatda təqdim olunan çoxsaylı həyat tarixçələri göstərir ki, qaçqınlar təhsil almağa can atsalar da (onlar bilirlər ki, bu onların həyatında dəyişikliklər yarada bilər), bu cür çoxsaylı tələbatların təmin edilməsi üçün müəllimlərin, sinif otaqlarının, dərsliklərin və dəstək mexanizmlərinin sayı çox azdır.

Bu, BMT QAK-ın təhsillə bağlı ikinci illik hesabatıdır. “İtirilmiş imkanlar” adlanan birinci hesabat ötən ilin sentyabrında BMT-nin Baş Assambleyasının qaçqınlar və miqrantlarla əlaqədar sammiti ərəfəsində dərc edilmişdi. 193 ölkə tərəfindən imzalanmış “Qaçqın və miqrantlar haqqında Nyu-York Bəyannaməsi”ndə təhsil məsələsi beynəlxalq reaksiyalar sırasında ön plana çəkilib.

“Nyu-York Bəyannaməsinə verilən böyük dəstəyə baxmayaraq, bir il sonra qaçqınlar real olaraq təhsildən kənarda qalma təhlükəsi altındadırlar”, – deyə Qrandi bildirib. “Qaçqınların bərabərlik əsasında keyfiyyətli təhsilə çıxış imkanına malik olmasının təmin edilməsi hamının üzərinə düşən məsuliyyətdir. Artıq hamımızın sözdən işə keçməyimizin vaxtıdır”.

BMT QAK-ın hesabatında müəyyən edilib ki, ibtidai təhsil yaşlı qaçqın uşaqların məktəbə qəbulu ötən tədris ilində artaraq 50%-dən 61%-ə çatıb ki, bu da əsas etibarı ilə təhsil siyasətinin təkmilləşdirilməsi və suriyalı qaçqınların təhsilinə vəsait ayrılması, eləcə də qaçqın uşaqların təhsilin məcburi olduğu Avropaya gəlməsi sayəsində baş verib. Eyni dövrdə orta təhsilə çıxış imkanları əvvəlki səviyyədə qalıb, belə ki, orta məktəbə qəbul edilən yeniyetmə qaçqınların sayı hər dörd yeniyetmə qaçqına nisbətdə bir nəfərdən də azdır.

Çoxsaylı maneələr hələ də qalmaqdadır, əsas etibarı ilə ona görə ki, qaçqınların təxminən üçdə biri gəlirləri aşağı səviyyədə olan ölkələrdə yaşayırlar. Onların məktəbə getməsi ehtimalı çox azdır – bu ehtimal dünyadakı digər uşaqların məktəbə getməsi ehtimalından altı dəfə aşağıdır. Onları qəbul edən, amma çox zaman öz vətəndaşları olan uşaqlara təhsil vermək üçün vəsait tapmaq uğrunda çarpışan ölkələr məktəblərdə şagird yerləri, lazımi hazırlığa malik ixtisaslı müəllimlər və ölkəyə yeni gələnlər üçün on, yaxud hətta yüz minlərlə adekvat tədris materialları tapmaq kimi əlavə vəzifə ilə qarşılaşırlar və çox zaman yeni gələnlər tədrisin aparıldığı dili bilmir və bir çox hallarda dörd ilə yaxın təhsil ilini buraxmış olurlar.

“Suriyalı qaçqın uşaqların məktəbə qəbulunda müşahidə edilən irəliləyişlər qaçqın uşaqların təhsili sahəsində bu böhranlı vəziyyəti dəyişmək üçün potensialın mövcud olduğunu aydın şəkildə göstərir”, – deyə Qrandi bildirib. “Lakin gəlirləri aşağı səviyyədə olan regionlarda yaşayan qaçqın uşaqların məktəbə qəbulunun səviyyəsinin son dərəcə aşağı olması həmin uşaqları qəbul edən, amma çox zaman unudulan ölkələrə vəsait ayrılmasına ehtiyac olduğunu aydın şəkildə göstərir”.