Azərbaycan daha bir tarixi neft sazişinə imza atdı. Yeni kontrakt “Azəri-Çıraq-Günəşli” yataqlarının 2050-ci ilə qədər istismarını nəzərdə tutur. Yeni müqavilədə SOCAR-ın payı da artırılıb. Dövlət başçısı yeni sazişi Azərbaycanın iqtisadi gücünə güc qataraq ölkənin müstəqil siyasət yeritməsinin əsas qarantı olacağına diqqət çəkib.

Neft-Qaz sahəsində əldə etdiyi təcrübə və həyata keçirdiyi layihələrlə dünyanın diqqət mərkəzində olan Azərbaycan daha bir tarixi sazişin altına imzasını atdı. Söhbət Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimindən gedir. Tədbirdə çıxış edən prezident İlham Əliyev 2050-ci ilədək dövrü əhatə edəcək yeni sazişin daha sərfəli şərtlərlə imzalandığını və bu müqavilənin Azərbaycana daha böyük maliyyə axınını təmin edəcəyini vurğulayıb.

Dövlət başçısı bildirib ki, necə ki, 1994-cü ildə imzalanan Əsrin Müqaviləsi Azərbaycanın indiki inkişafına dəstək olmuşdusa, bu müqavilə də Azərbaycanın gələcəkdə iqtisadi müstəqilliyinin qorunmasında çox vacib əhəmiyyətə malik olacaq.

Dövlət başçısının niqtindən sonra tarixi imzalanma mərasimində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın təbrik məktubu oxunub. Rəcəb Tayyip Ərdoğan Azərbaycanın hər zaman Türkiyənin enerji təhlükəsizliyində önəmli rol oynadığını və yeni imzalanan müqavilə ilə ikitərəfli əlaqələrin daha da güclənəcəyinə diqqət çəkib. Böyük Britaniyanın baş naziri Tereza Mey isə təbrik məktubunda Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı artırmaq niyyətində olduqlarını və BP şirkətinin Azərbaycanla olan əməkdaşlığının bu əlaqələrdə əsas rol oynayacağını vurğulayıb. Mərasimdə çıxış edən BP şirkətinin baş icraçı direktoru Robert Dadli isə Azərbaycana yaxın onilliklər ərzində irihəcmli investisiya qoymağa hazırlaşdıqlarını vurğulayıb.

Daha sonra “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeniSazişin imzalanması mərasimi keçirilib. İmzalanma mərasimində 10 şirkətin yüksək vəzifəli şəxsləri iştirak ediblər.

xezerxeber.az


67 dəfə oxunub

XƏBƏRLƏR