Azərbaycan dövləti kənd təsərrüfatının inkişafını prioritet sahə elan edərək son bir neçə ildə bu istiqamətdə ciddi Dövlət proqramları həyata keçirib. Əslində, bu sahənin yüksək səviyyədə inkişafı ölkəmizin ərzaq təhlükəsizliyini təmin edəcək çox ciddi amildir. Eyni zamanda, kənd təsərrüfatının inkişaf etdirilməsi və istehsal olunan məhsulların ixracı dövlət büdcəsinə yüzmilyonlarla manat maliyyə vəsaitinin daxil olması, yeni iş yerlərinin yaradılması, bir sözlə, əhalinin sosial rifahının yüksəldilməsidir.
Qeyd edək ki, ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət qayğısının artırılması həm də elə bir vaxtda baş verir ki, dünyada ciddi iqtisadi böhran davam edir. Xüsusən neftin ucuzlaşması fonunda dövlətimizi beynəlxalq böhrandan qoruyacaq çox ciddi, bəlkə də birinci amil kənd təsərrüfatının inkişaf etdirilməsidir.
Dünyadakı maliyyə bohranına rəğmən dolların kəskin bahalaşması və ölkələrin milli valyutalarının, o cümlədən 2015-ci ildə qeydə alınan manatın devalvasiyası ölkə iqtisadiyyatına diktə edir ki, dövlət büdcəmizə valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehsal həcmi artırılsın və ixrac potensalı genişləndirilsin.
Məhz Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına dair qətiyyətli iqtisadi siyasəti öz bəhrəsini verməkdədir. Xüsusilə aqrar sektorda ixracyönümlü məhsulların istehsalının artırılması istiqamətində artıq ilk uğurlu göstəricilər mövcuddur. Belə ki, son iki ildə kənd təsərrüfatında ixrac potensialı yüksək olan və dünya bazarlarında ciddi şəkildə tələbat duyulan pambıqçılığın inkişafına təkan verilməsi və nəticədə pambıq sahələrinin 18 dəfədən çox artırılması ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Bu gün dünya bazarında keyfiyyətli pambıq mahlıcının bir tonunun qiyməti 1200 dollardan artıqdır. Bu isə neftin dünya bazarlarındakı hazırkı qiymətindən bir neçə dəfə yüksəkdir.
Həmçinin keçən il Azərbaycanda fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Məhz buna görə son iki ildə 18 min hektarda yeni fındıq bağları salınıb. Bu ilin birinci yarımilində ölkə üzrə 32,3 milyon ABŞ dolları dəyərində fındıq ixrac edilib. Hazırda fındıq bağlarının sahəsi artırılaraq 55 min hektara çatdırılıb. Prezident İlham Əliyev ölkəmizdə fındıq bağları sahələrinin daha da artırılaraq 80 min hektara çatdırılması barədə tapşırıq verib.
Bundan başqa, ixrac məhsulu olan tütün istehsalının 12 min tona çatdırılması planlaşdırılıb. Ona görə də 2021-ci ilə qədər tütünçülükdə əkin sahələrini 6 min hektara çatdırılması nəzərdə tutulub. Həmçinin 2025-ci ildə barama istehsalının 6 min tona çatdırılması qarşıya vəzifə kimi qoyulub.
Eyni zamanda, yaxın gələcəkdə ölkənin cənub zonasında sitrus bitkilərinin əkin sahələrinin genişlənməsinə və bu məhsulların ixracının artırılmasına dair Prezident İlham Əliyev çox mühüm sərəncamlar imzalayıb. Həmin sərəncamlardan irəli gələn məsələlərin uğurla icra olunması bitkilərin də ixrac məhsulları sırasına daxil olmasına və ölkəyə valyuta gətirməsinə şərait yaradacaq.
Bir sözlə, məhz Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinə önəm verməsi və fermerləri hərtərəfli dövlət qayğısı ilə əhatə etməsi kəndlilərin torpağa olan marağını xeyli artırıb. Xüsusilə fermerlərə ayrılan subsidiyalar, onların 2014-cü ilin yanvarın 1-dən 5 il müddətinə vergilərdən azad olunmaları, kənd təsərrüfatı texnikası və mineral gübrələrlə güzəştli şərtlərlə təmin edilmələri siyasəti bu gün də davam etdirilir.
Burada bir maraqlı məsələni də qeyd etmək lazımdır ki, bu gün inkişaf etmiş Avropa ölkələrində belə, kənd təsərrüfatı məhsullarının ixracı ÜDM-də əsas payı təşkil edir. Məsələn, 42 min kvadratkilometr əraziyə malik olan Hollandiya 2014-cü ildə 80,7 milyard avro dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib. 2016-cı ildə bu rəqəm daha 3, 5 faiz artıb. Bu gün Hollandiya ABŞ-dan sonra dünyanın ikinci kənd təsərrüfatı məhsulları ixrac edən ölkəsidir.
Eyni zamanda Fransada, Danimarkada, Almaniyada, Çexiyada və Estoniyada taxılçılıq sahəsində böyük uğurlar qazanılıb və həmin ölkələrdə hər hektardan 55-65 sentner taxıl toplanılır ki, sonradan bu çörək məmulatları kimi ixrac edilir. Qeyd edək ki, hələlik ölkəmizdə taxılçılıqda ən yüksək göstərici 35-40 sentnerdir ki, gələcək illərdə məhsuldarlığın ən azı 50 sentnerə çatdırılması planlaşdırılır.
Bu faktları sadalamaqda məqsədimiz odur ki, hətta ən qabaqcıl Avropa ölkələri ən inkişaf etmiş ağır sənayeyə, avtomobil sənayesinə, hərbi sənayeyə malik olduqları halda, kənd təsərrüfatının inkişafını ölkənin ixrac potensialı kimi dəyərləndirirlər.