Əməkdar artistlər, tarzən Sahib Paşazadə və nağara ifaçısı Kamran Kərimov Çində keçirilən IV İpək Yolu Beynəlxalq Musiqi Festivalda iştirak ediblər. Belə ki, festivalın bədii rəhbəri çinli bəstəkar Liu Shun tərəfindən dəvət alan həmvətənlərimiz sözügedən festivalda “Şur” kompozisiyası səsləndiriblər.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivalda uğurlu çıxışlarına görə, Sahib Paşazadə və Kamran Kərimov diplom və mükafata layiq görülüblər. İfaçılarımız Çinin Sian, Sianyan və Cencen şəhərlərində ayrıca konsert proqramı ilə də çıxış ediblər. Musiqiçilərimizin təqdim etdiyi konsert proqramı maraqla qarşılanıb.
Təmsilçilərimiz, həmçinin növbəti ildə keçirilən İpək Yolu festivalı çərçivəsində ustad dərsləri keçmək və konsert proqramı ilə çıxış etmək üçün dəvət olunublar.
Qeyd edək ki, İpək Yolu musiqi festivalı ilk dəfə Çinin qədim Sian şəhərində keçirilib. Builki festivalda dünyanın 30-dan artıq ölkəsindən musiqiçilər iştirak edib. Festivalın keçirilməsində məqsəd mədəniyyətlərin mübadiləsi, sülh və dostluğun təbliğidir. Ölkəmiz bu musiqi bayramında ilk dəfə təmsil olunur.