Sabah ”Bilik günü” dür. Yollarda xüsusən də məktəb ətrafı ərazilərdə sıxlığı nəzərə alan yol polisi gücləndirilmiş rejimdə işləyəcək. Yol polisi sürücürələ xəbərdarlıq edir ki, avtomobillərini harda necə gəldi saxlamasınlar. Əks halda həmin maşınlar evakuatorla cərimə meydançasına aparılacaq. Rayon qeydiyyatlı avtomobillərin paytaxta girişinə qoyulmuş qadağaya isə ciddi nəzarət ediləcək.

Sabah məktəblərin ətrafında avtomobilini düzgün park etməyənlər cərimələnəcək.

Digər nəqliyyat vastələrinə və piyadalara mane olan maşınlar isə evakuatorla cərimə meydançasına aparılacaq.

Bu barədə ”Xəzər Xəbər”ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Şöbə rəisi bildirib ki, həmin gün yol polisi ilə yanaşı, evakuasiya xidməti də gücləndirilmiş iş rejimində xidmət aparacaq. Əsasən şəhərlərdə, xüsusilə də paytaxt Bakıda intensiv hərəkət olan, yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma-durma, parklanma qaydalarını pozan sürücülərin nəqliyyat vasitələri təxliyə olunacaq və sürücülər inzibati məsuliyyətə cəlb olunacaq.

Kamran Əliyev xüsusən məktəb ərazisindəki yollarda sürücülərə sürət həddinə əməl etməyi tövsiyyə edib. Hər an yola uşaq çıxa bilər deyə təhlükəsizlik maksimum dərəcədə qorunmalıdır.

Bu arada sabahdan etibarən rayon qeydiyyatı alvtomobillərin paytaxta girişinə qoyulan məhdudiyyətə də ciddi nəzarət ediləcək. Şimaldan ”Xırdalan” dairəsi yaxınlığında, cənubdan isə ”Lökbətan” dairəsi yaxınlığındakı postlarda səhərdən axşam saatlarına qədər yol polisi həmin avtomobillərə nəzarət edəcək.

Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakıda təhlükəsizlik tədbirlərinə də ciddi nəzarət ediləcək. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, Səhlab Bağırov bildirib. Onun sözlərinə görə, yeni dərs ilinin başlaması ilə əlaqədar Bakıda fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qayda və təhlükəsizliyin qorunması məqsədilə nəzarətə götürüləcək. Rəis müavini hər hansı xoşagəlməz hadisənin baş verməməsi, “Bilik Günü”nə qatılacaq valideyn və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə polis naryadlarının sayının artırılacağını, zəruri olan bütün təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib.