Uşaqlarda yüksək hərarət fonunda qıcolmalar – Səbəblər, müalicə, fəsadlar

Febril qıcolmalar 5 yaşına qədər olan uşaqlarda yüksək hərarət fonunda (39 C-dən yuxarı) inkişaf edir.

 Astarainfo.az saglamolun.az-a istinadən bildirir ki, oğlanlarda bu hala qızalarla müqayisədə 4 dəfə daha tez-tez rast gəlinir.

Məhz kiçik yaşlı uşaqlarda febril qıcolmaların əmələ gəlməsi onların orqanizmində istiliyin mübadiləsi mexanizminin tam inkişaf etməməsi ilə izah olunur. Lakin statistika göstərir ki, yalnız 4% uşaqlarda yüksək hərarət fonunda qıcolmalar olur, qalan 96% uşaqlarda isə olmur. Bunun səbəbi nədir? Xüsusi elmi araşdırma göstərib ki, yüksək hərarətə belə reaksiyanın olması bir çox hallarda irsiyyətlə bağlıdır.

Bəzi araşdırmalar göstərir ki, uşaq orqanizmində dəmir və sinkin azlığı da febril qıcolmaların riskini artırır.

Qıcolma əslində yüksək hərarətin nəticəsində deyil, hərarətin kəskin yüksəlməsi nəticəsində baş verir. Uşaqda hərarət tədricən qalxırsa, qıcolmanın inkişafı riski azdır. Əksinə hərarət 37 C-dən birdən-birə 40 C yüksələrsə, bu halda qıcolma baş verə bilər.

Qıcolma 15 dəqiqədən az davam edirsə və 24 saat ərzində təkrarlanmırsa, bu sadə febril qıcolma sayılır. Mürəkkəb febril qıcolma zamanı qıcolmalar 24 saat ərzində bir neçə dəfə təkrarlanır və uzunmüddətli olur. Bu çox təhlükəli haldır və uşaqda ciddi nevroloji xəstəliyin olmasına işarə edir. Belə uşaq mütləq hərtərəfli nevroloji müayinədən keçməlidir.

Febril qıcolma zamanı ilk növbədə uşağın hərarətini salmaq lazımdır. Bunun üçün şam və ya litik qarışıq (“smes”) istifadə olunur. Belə vəziyyətdə olan uşağa hər hansı həb və ya suspenziya vermək olmaz.

Qıcolma zamanı uşağı böyür üstə qoymaq lazımdır. Valideynlərin əksəriyyəti qıcolma zamanı uşağın dilinin qırtlağa düşməsi nəticəsində boğulmaqdan qorxur. Uşaq böyür üstə uzandıqda, bu mümkün deyil. Bu səbəbdən uşağın ağzını zorla açmaq, uşağın ağzına barmaq, hər hansı əşya (dəsmal, karandaş və s.) salmaq mənasız və hətta təhlükəlidir!  Bunu heç zaman etməyin!
Uşağı zorla sıxmaq, qollar və ayaqlarını düzəltmək  olmaz. Sadəcə uşağın yanında olun və qıcolma zamanı özünə xəsarət yetirməyə imkan verməyin. Uşağın başının altına yastıq qoyun və ya onun başını dizinizin üstünə qoyun.
Dərhal təcili yardım çağırın.

Bəzən yüksək hərarət zamanı uşaq birdən-birə sanki donur və ətrafa heç bir reaksiya vermir. Bu da febril qıcolmanın növü sayılır.

Dünya mütəxəssislərinin fikrinə görə, əksər hallarda sadə febril qıcolmalar xoşxassəlidir, gələcəkdə təkrarlanmır və uşağın sağlamlığına heç bir mənfi təsir etmir.