Venesuela satdığı neft və neft məhsullarının dəyərinin ödənilməsində ABŞ dollarının qəbulundan imtina edir. “Report”un “The Wall Street Journal”a istinadən verdiyi xəbərə görə, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Venesuelanın “PDVSA” dövlət neft şirkəti öz tərəfdaşlarına avro və ya digər valyutalarda hesab açmaq barədə xəbər göndərib. Bu barədə rəsmi qərar verilməsə də, ölkənin baş nazirinin müavini Tarek el Aissami iqtisadi blokadadan yayınmaq üçün valyuta səbəti yaradacaqlarını bildirib.
Venesuela prezidenti Nikolas Maduro ölkəsinin hesablaşmalarda Rusiya rublu, Çin yuanı, Hindistan rupisi, avro və yapon yenindən istifadə edəcəyini açıqlayıb. Prezident Venesuelanın yeni beynəlxalq valyuta ödəniş sistemi yaradaqacağını və ABŞ dollarının əsarətindən azad olaraq digər valyutalardan ibarət valyuta səbəti tətbiq edəcəyini açıqlayıb.