Biləsuvarın ümumtəhsil orta məktəblərində Bilik Günü böyük qələbəliklə keçirilib

Biləsuvarın ümumtəhsil orta məktəblərində Bilik Günü böyük qələbəliklə keçirilib.
Bu gün ölkəmizdə yeni dərs ilinin başlanğıcıdır-15 sentyabr. Bəli, bu müqəddəs təqvim sanki 1-ci-dən 11-cilərə kimi doğum günü tarixi kimi onların yaddaşlarına köçüb. Xüsusi məhəbbət, el-oba sevgisiylə yaşanan həmin günə, balacaların bənzərsiz coşqusu ifadə olunmaz rəng qatır, bu da təbii ki, yenicə həyata atılan yeniyetmələrimizin, gənclərimizin məna dolu həyat çalarlarını yaddaşlardan silinməyəcək qədər rəngarəng edir, unudulmaz xatirələrə çevrilir zaman-zaman.
Bilik günündəki bu möhtəşəm qələbəlik bölgələrimizdə-Biləsuvarda həmişə fərqli-uğurlu nailiyyətlərin paylaşılması və yeni dərs ilinə yeni ab-hava ilə başlanılıb… Elə bu gün də bənövşə qoxulu fidan balaların küçə boyu qucaqlarındakı tər gül-çiçək dəstələri arasından ətrafa-boylana-boylana məktəblərə axınını seyr etməyin, bu mənzərəni öz gözlərinlə görməyin xüsusi bir zövqü vardı. O əsrarəngiz mənzərəni görüncə mən təkrar 1-ciyə qədəm qoymağımı xatırladım, bir anlıq yaşadım o illəri. Yeni gününz, Yeni dərs iliniz mübarək, deyirəm, əziz şagirdlər, müəllimlər!
 
…Yolumuz şəhid Xanlar Qafarov adına İsmətli kənd tam orta məktəbinə doğru idi bu dəfə. Mətbuatdan xəbər verildiyi kimi, Təhsil Nazirliyinin əmri ilə 2017-2018-ci tədris ilində ilk dərs məşğələsinin “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusunda keçirilməsi ilə əlaqədar ümumi təhsil müəssisələrində müvafiq hazırlıq işləri aparılmaqla ilk dərslərin şagirdlərin ifasında Azərbaycanın Dövlət himni ilə başlanmasını, mövzu ilə bağlı şagirdlərə onların yaş xüsusiyyətlərinə uyğun məlumatların çatdırılması kimi tapşırıqları həmin gün rayonumuzun da ümumtəhsil orta məktəblərində yüksək səviyyədə təşkil olunmuşdur.
 
Kənd məktəbinin həyətindəki izdiham, böyük qələbəliklə keçən ilk dərs günüdə RİH Başçısı aparatının məsul işçisi Məhərrəm Qurbanovun, Məktəb direktoru Ağamməd İbayevin kollektivə, şagirdlərə təbrik dolu çıxışından sonra dərs, sinif otaqlarına daxil olan səhər növbəsinin şagirdləri ilə beləcə vətənpərvərlik mövzusuyla başlandı. Məktəb direktorunun müavini, qabaqcıl təhsil işçisi, təşkilatçı Fəday Əliyev, qocaman pedaqoq, kollektivin sevimlisi, ağsaqqal müəllim Rüstəm Əliyev məktəbə yeni qədəm qoyan balalara xeyirli-uğurlu gələcək diləyərək, ötən illərdəki məzunların parlaq uğurlarından söhbət açdılar. Eləcə də, ilk dərsin mövzusuyla bağlı fikirlərini çatdırdılar.
Həmin dərslərdə 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun qəhrəmanlığı, Lələtəpə əməliyyatında qazanılmış qələbənin tarixi əhəmiyyəti, prezident, Ali Baş Komandan İlham Əliyevin torpaqların işğaldan azad edilməsi istiqamətində genişmiqyaslı fəaliyyəti, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin buraya köçürülməsi ilə başlanan böyük qayıdışın siyasi və sosial mahiyyəti barədə şagirdlərə zəruri məlumatlar çatdırıldı.
 
Dərslərdə vətənpərvərlik məkanı kimi respublikamızda ad qazanmış Biləsuvarda İsmətli kəndindən olan ölkəmizin tanınmış ziyalılarından, igid, cəsur oğullarından, şəhidlərimizdən ətraflı məlumatlar verilməklə, müəllimlər şagirdlərdə əxlaqi və mənəvi dəyərləri formalaşdırmaq, fiziki, psixoloji cəhətdən tərbiyə olunmaq kimi vərdişləri aşılamaq üçün bütün potensiallarından istifadə edirdilər. Tədbir musiqi nömrələri, şagirdlərin maraqlı rəqsləri ilə davam etdirilmişdir. Bəli, bu gündən məktəb elm, bilik qapılarını doğma balaların üzünə açdı. Uğur olsun, deyirik, əziz müəllimlər!!!
Astarainfo.az
Samir Qurbanov