Astarainfo.az xəbər verir ki, Biləsuvar Regional Mədəniyyət və Turizm idarəsinin rəisi rayonun incəsənət məktəblərində pedoqoji kollektivlərlə görüş keçirib.
Dövlət siyasətinin parlaq təzahürü kimi respublikamızın ümumi həyat ahəngi, dinamik inkişafı, aparılan məqsədyönlü islahatlar regionlarımızın günbəgün irəliyə doğru dəyişən simasında açıq aydın görünür. Məhz bu baxımdan cənub bölgəmizdə yerləşən Biləsuvarda mədəniyyət və turizmin inkişafının günün tələbləri səviyyəsində qurulması, bu sahədə çalışan insanların, sənət adamlarının peşəkarlıq səviyyələrinin artırılması, müasir dövrümüzlə ayaqlaşan zəruri layihələrin, tədbirlərin həyata keçirilməsi, eləcə də sözü gedən bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılması qarşıda duran ümdə vəzifələrdən biridir.
Rayonun şəhər və kənd ərazilərində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə sentyabrın 14-də yeni tədris ili ərəfəsində şəhər mərkəzində yerləşən Uşaq İncəsənət məktəbində pedoqoji kollektivin görüşünə gələn Biləsuvar Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Elçin Hüseynov yığıncaqda yuxarıda qeyd etdiyimiz məsələlərə daha şəffaflıqla aydınlıq gətirmişdir.
Məktəbin pedoqoji kollektivini 2017-2018-ci tədris ilinin başlanması münasibətilə səmimi qəlbdən təbrik edən idarə rəisi E.Hüseynov Ölkə Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq yaradılan regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinin gücləndirilməsi istiqamətində aparılan işlərdə biləsuvarlı mədəniyyət kollektivlərinin daha məsuliyyətli və qətiyyətli olmasının zəruriliyindən söhbət açmışdır.
Və xüsusi qeyd etmişdir ki, regional idarələrin təşkili mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir, məhz bu baxımdan tabeliyimizdə olan mədəniyyət kollektivləri işlərinə fərqli prizmadan yanaşmalı- iş prosesini səmərəli istifadə etməli, özəl fəaliyyət üçün pedoqoji şuranın yığıncaqlarında məsləhətli qərarlara gəlmək bu sahədə əsaslı dönüş yaratmaqla həm dövlətimiz üçün, əhalimiz üçün faydalı, eyni zamanda öz ailə büdcələrinə qazanc gətirəcək formada çalışmalıdırlar.
Bu halda hər hansı bir çətinliklərə üstün gəlməklə yaşayış büdcəmizi təmin etmiş olarıq və ən əsası ixtisarlara yol verilməz, işsizlik problemləri yaranmaz. Dərin məzmunlu çıxışında Elçin müəllim rayon incəsənət məktəbinin peşəkar pedoqoqlarına uğurlar diləyərək, qeyd olunan tələblərin yaxın vaxtda icrasında kollektivin birgə səyində əsaslı dönüşün yaradılacağına əminliyini bildirdi. Və qeyd etdi ki, növbəti aylarda nazirlik nümayəndələri ilə aprılan monitorinqlərdə bu məsələlərə xüsusi diqqət yetiriləcək.
Görüşdə Biləsuvar Regional Mədəniyyət və Turizm idarəsinin rəis müavini uzun illər rayonda bu sahənin inkişaf etdirilməsində əməyi olan Rəfiqə xanım Cəfərova məzmunlu nitqində şəxsi xarakterlərinə, biliyinə, peşəkarlığına çoxdan yaxşı bələd olduğu kollektiv üzvlərini təbrik etmiş, dövlətimizin, cənab Prezidentin bu sahəyə fərqli diqqəti-qayğısı olduğunu vurğulamışdır. Hər bir müəllimə qarşıdakı tədris ilində daha tələbkar olmağı, işlərinə mənəvi qayğıyla yanaşmağı, günün tələblərinə uyğun fəaliyyət göstərməyi tövsiyyə etmişdir.
Biləsuvar Rayon Uşaq İncəsənət Məktəbinin direktoru, Azərbaycan Milli Konservatoriyasının məzunu, 30 ildən artıq bu sahədə çalışan tanınmış tar ustası Mehman Rzayev regional idarənin rəisi başda olmaqla əlamətdar gün ərəfəsində onların görüşünə gəlmiş bütün qonaqlara səmimi təşəkkürünü çatdırmış, rəhbərlik etdiyi 54 nəfərlik pedoqoi kollektivin birgə səyi ilə dövlətimizin böyük qayğısından bəhrələnərək rayonun mədəniyyət və incəsənət sahəsinə bundan sonra daha sanballı töhfələr verəcəyini əminliklə söylədi.
Tədbirdə iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verilmişdir. Elçin Hüseynov və idarənin əməkdaşları günün ikinci yarısında rayonun qədim tarixi keçmişi və iri kəndlərindən olan Xırmandalı kəndində musiqi məktəbində olmuşlar. İdarə rəsmiləri kənddə bu sahəyə marağın vəziyyəti, mövcud durumu ilə yaxından tanış olmuşlar. İdarə rəisi E.Hüseynov kəndin mədəniyyət sahəsində günün tələblərinə cavab verəcək işin qurulmasından ötəri müvafiq göstəriş və tapşırıqlarını vermişdir.
Astarainfo.az
Samir Qurbanov