Futbol üzrə Dünya Çempionatı-2018 üçün püşkatma mərasiminin tarixi və qaydaları müəyyənləşib

FIFA-nın Sürixdəki mənzil qərargahında qurumun İcraiyyə Komitəsinin iclası olub.

Astarainfo.az AZƏRTAC-a  istinadla xəbər verir ki, əsas müzakirə edilən məsələ 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma qaydaları olub.

Qaydalara əsasən, bütün komandalar reytinqlərinə görə dörd səbətə bölünəcəklər. Hər səbət səkkiz yığma komandadan ibarət olacaq. Səbətlərə bölünərkən millilərin FIFA-nın oktyabr ayı üzrə dünya reytinq cədvəlindəki sıralaması əsas götürüləcək.

Birinci səbətdə dünya çempionatının final mərhələsində iştirak etməyə vəsiqə qazanmış 32 komandadan ən yüksək reytinqə malik yeddisi və ev sahibi olaraq Rusiya yer alacaq. Beləliklə, A, B, C, D, E, F, G, H olmaqla səkkiz qrup formalaşdırılacaq ki, burada Avropadan iki, digər konfederasiyaların hər birindən yalnız bir komanda olacaq.

Dünya çempionatının püşkatma mərasimi bu il dekabrın 1-də Moskvada keçiriləcək.