Futbol üzrə dünya çempionatına vəsiqə qazanan Səudiyyə Ərəbistanının baş məşqçisi istefaya göndərilib

Futbol üzrə 2018-ci il dünya çempionatına vəsiqə qazanan Səudiyyə Ərəbistanının baş məşqçisi Bert van Marveyk istefaya göndərilib.

Astarainfo.az “Report”-a istinadən  xəbər verir ki, 65 yaşlı hollandiyalı mütəxəssisi argentinalı Edqardo Bausa əvəzləyib.

2015-ci ildən yığmaya rəhbərlik edən B.V.Marveykə 1,3 milyon avro məbləğində təzminat ödəniləcək.

Hollandiyalı mütəxəssis nos.nl saytına açıqlamasında bildirib ki, işindən ayrılmasına səbəb Səudiyyə Ərəbistanı Futbol Federasiyasının onun bir neçə köməkçisinin müqaviləsinə  xitam verməsidir: “Danışıqlar başa çatıb. Ötən həftə seçmə mərhələnin oyunundan sonra bir neçə köməkçim işindən azad olunub. Düşünürəm ki, bu qəbuledilməzdir. İndi isə mətbuatda mənim varisimlə bağlı xəbər oxuyuram. Artıq bilirəm ki, hər şey bitib”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı sentyabrın 5-də seçmə qrup mərhələsində Yaponiyanı 1:0 hesabı ilə məğlub edərək, 12 illik fasilədən sonra mundiala vəsiqə qazanıb. Həmçinin Braziliya, Yaponiya, Belçika, Meksika, İran və Cənubi Koreya milli komandalarının da dünya çempionatında iştirak edəcəkləri dəqiqləşib.