Sentyabrın 15-də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 10 ixtisas üzrə 500-dən çox tələbə müəllimlər və qonaqlarla birgə Bilik gününün sevincini yaşayıblar.
AZƏRTAC xəbər verir ki, keçirilən tədbiri kollecin direktoru Kəmalə Süleymanlı açaraq təhsil ocağının yaradılması, fəaliyyəti, uğurları barədə məlumat verib. Vurğulayıb ki, 2013-cü ildən fəaliyyət göstərən kollecdə informatika müəllimliyi, məktəbəqədər təlim və tərbiyə, taxıl və taxıl məhsulları, mühasibat uçotu, müalicə işi, turizm və onun təşkili, aqrar-fermer təsərrüfatının təşkili ixtisasları üzrə kadrların hazırlanması və təkmilləşdirilməsi həyata keçirilir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kollecin müəllim və tələbələrini yeni dərs ili münasibətilə təbrik edib, dövlət təhsil siyasətinin uğurlarından, bu sahədə Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən qanunvericilik aktları, dövlət proqramları və digər mühüm sənədlərin əhəmiyyətindən danışıb. İcra hakimiyyətinin başçısı vurğulayıb ki, ümummilli lider Heydər Əliyev elmə və təhsilə daim xüsusi əhəmiyyət verirdi. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin ideyalarını ardıcıl olaraq reallaşdırır.
Sonda yeni təmir edilən binaya, auditoriyalara və kompüter sinfinə baxış keçirilib.
Daha sonra “Gənclik mərkəzi”nin akt zalında AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov kollecin tələbələri qarşısında məruzə ilə çıxış edib. Məruzəçi ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Misir Mərdanov məruzəsinin sonunda tələbələrə müasir müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik ənənələrini qorumağı və inkişaf etdirməyi tövsiyə edib.