Sentyabrın 15-də Azərbaycan Tibb Universitetində (ATU) Bilik Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli tələbələri yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Bu gün haqqında danışan professor Azərbaycanda prioritet sahələr olan təhsil və səhiyyənin ardıcıl inkişafının Prezident İlham Əliyevin qlobal inkişafa doğru aparan uğurlu siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Rektor hazırda Azərbaycanda, eləcə də Azərbaycan Tibb Universitetində səhiyyə sahəsində əldə olunan nəaliyyətlərdə ATU-nun müəllim və professorlarının rolunu xüsusi qeyd edib.

G.Gəraybəyli ölkəmizdə tibb sahəsində atılan uğurlu addımları uzun illərdən bəri Azərbaycan Tibb Universiteti əməkdaşlarının apardıqları elmi axtarışların və gərgin əməyin bəhrəsi olaraq qiymətləndirib.

Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

Qeyd edək ki, bu il Tibb Universitetinə 1529 tələbə qəbul olunub, onlardan 573 xarici ölkələrin vətəndaşlarıdır.