Gədəbəydə İslam sivilzasiyası, dövlət-din münasibətlərinin Azərbaycan modeli müzakirə edilib (FOTO)

Gədəbəy rayonu Aşıq məktəbində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İslam sivilzasiyasının, dövlət-din münasibətlərinin Azərbaycan modelinin region gəncləri arasında təbliği” adlı tədbir keçirilib.

Təşkilatdan Trend-ə verilən məlumata görə, tədbirdə Gədəbəy RİH başçısının müavini Vüsal Musayev, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, TUMİB-in İdarə Heyətinin üzvü Seymur Verdizadə və rayonun gənc fəalları iştirak edib.

Konfrans işirakçıları tədbirə ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsini anmaqla başlayıb.

Gədəbəy RİH başçısının müavini Vüsal Musayev çıxışında deyib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün əsrlər boyu dinlər və sivilizasiyalar arasında aparıcı rol oynayıb. V.Musayev analoji tədbirlərin keçirilməsinə bundan sonra da dəstək verməyə hazır olduqlarını vurğulayıb. Başçının müavini qeyd edib ki, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında təhsil müəssisələri ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib:

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə konfransın məqsədi barədə məlumat verib. TUMİB sədri qeyd edib ki, əsas məqsəd 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamını rəhbər tutaraq, İslam sivilizasiyasını, dövlət-din münasibətlərinin Azəraycan modelinin region gəncləri arasında təbliğ etmək, gənclərimizi yad ideologiyaların təsirindən qorumaq, bölgələrimizdə ideoloji maarifçilik işini gücləndirməkdir.

TUMİB İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə deyib ki, dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə Azərbaycanda həmişə xüsusi həssaslıqla yanaşılıb. Natiq ölkəmizdə hakim olan sağlam mənəvi mühitin qorunub-saxlanılmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü bildirib.

Tədbirdə digər çıxış edən natiqlər qeyd ediblər ki, İslamın sülh, sevgi, dostluq dini olduğunu, hazırda Azərbaycanda mövcud olan model digər İslam cəmiyyətləri üçün parlaq nümunə olduğunu bildiriblər.