Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarına start verilib

Sentyabrın 17-də Türkmənistanın paytaxtı Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarına start verilib.

APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, Oyunlarda Asiya (45) və Okeaniya (19) ölkələrini təmsil edən 65 komanda, habelə qapalı məkanlarda və döyüş növləri üzrə Asiya Oyunları tarixində ilk dəfə Asiya Olimpiya Şurasının bayrağı altında çıxış edən qaçqınlar komandası mübarizə aparır.

“Aşqabad-2017”də 6 min atlet 21 idman növü üzrə yarışacaq. Yarışların keçiriləcəyi 12 gün ərzində 347 mükafatlandırma mərasimi olacaq və atletlər 1844 medal uğrunda mübarizə aparırlar. Oyunlar 1,5 kvadrat kilometr ərazini əhatə edən Aşqabad Olimpiya Şəhərciyində yerləşən 15 obyektdə, o cümlədən müasir standartlara cavab verən 13 yeni ultramüasir və əsaslı şəkildə yenidən qurulmuş 2 qurğuda keçirilir. Yarışın ilk günündə idmançılar futzal, tennis və muay-tay yarışlarında güclərini sınayırlar.

Oyunların açılış mərasimi bu gün 45 min tamaşaçı tutumu olan Aşqabad Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, “Aşqabad-2017”nin Əməliyyat Komitəsinə azərbaycanlı peşəkarlar da cəlbolunub. Asiya Oyunlarının təşkilatçıları Azərbaycan tərəfinin yüksək peşəkarlıq və Bakıda təşkil olunan ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının təcrübəsindən yararlanmaq məqsədi ilə bu addımı atıb.