AZAL təxirə salınmış Bakı-London reysi ilə bağlı məlumat yaydı

“Azərbaycan Hava Yolları” QSC ötən gün təxirə salınmış Bakı-London reysi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, sentyabrın 16-da AZAL J2-007 (Bakı-London) reysində texniki səbəbdən yaranan gecikmə ilə əlaqədar olaraq, bu reysin Londona gəlməsi Hitrou Hava Limanı (LHR) tərəfindən slot vaxtının bitməsi səbəbindən ləğv olunub.

“Bu reys Bakı vaxtı ilə bu gün saat 18:05-ə planlaşdırılan reys ilə birləşdiriləcək. Təyyarənin yerli vaxtla saat 21:05-də Londona enməsi planlaşdırılır. Gecikən sərnişinlər öz istəkləri ilə digər aviaşirkətlərin təyyarələri ilə Bakıya göndərilib, həmçinin oteldə yerləşdirilib.

Reysin statusunu Heydər Əliyev Beynəlxalq Aeroportunun saytında izləmək mümkündür: www.airport.az

Yaranan narahatlığa görə üzr istəyirik!”, – deyə məlumatda bildirilir.

*   *   *11:19

Ötən gün təxirə salınan Bakı-London-Bakı reysinin dəqiq uçuş tarixi müəyyənləşib.

“Report” xəbər verir ki, AZAL-ın yerinə yetirəcəyi “J2 008” saylı təyyarə reysi sentyabrın 17-si 18:05-də Bakıdan Londona yola düşəcək.

Təyyarə əks istiqamətdə sentyabrın 18-i saat 06:35-də havaya qalxacaq.

Xatırladaq ki, “J2 008” saylı təyyarə sentyabrın 16-sı axşam saatlarında Bakıdan Londona uçmalı, sentyabırn 17-si gecə saat 01:05 radələrində isə geri qayıtmalı idi. Lakin təyyarənin sənədlərində yaranan problem səbəbindən hər iki istiqamətdə uçuş təxirə salınıb.

AZAL bütün sərnişinlərin yerləşmə, qalma və qidalanma xərclərini təzminat olaraq öz üzərinə götürüb.