Banqladeşdə qaçqınlar aclıq təhlükəsi ilə üzləşib

“Save the Children” Xeyriyyə Fondu Myanmanın Arakan əyalətindən Banqladeşə üz tutan qaçqınların ərzaq, sığınacaq və su çatışmazlığından həyatlarını itirmək təhlükəsi ilə üzləşdikləri barədə xəbərdarlıq edib.

APA-nın məlumatına görə, bu barədə xəbərdarlıq “Save the Children” Xeyriyyə Fondunun saytında yerləşdirilib.

Bundan öncə Beynəlxalq Miqrasiya Təşkilatı avqustun 25-dən sentyabrın 15-dək Myanmadan Banqladeşə gələn müsəlman qaçqınların sayının 409 minə çatdığını açıqlayıb. “Save the Children” Xeyriyyə Fondu isə son 3 həftə ərzində Banqladeşin Koks-Bazar şəhərinə 380 mindən çox qaçqının gəldiyini nəzərə çatdırıb. Əgər qaçqın axını bu tempdə davam edərsə, bu ilin sonuna qədər Myanmadan Banqladeşə üz tutan qaçqınların sayı 1 milyon nəfəri keçə bilər.