İsrailin “Tel Əviv” Universitetində bir qrup alimin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, beyin quruluşunu gözümüzdə canlandırdığımızda cinsiyyətlər arasında konkret bir fərqlilik görünmür.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailli, İsveçrəli və Alman araşdırmaçılardan ibarət tədqiqatçı qrup, 1400 insanın maqnit-rezonans texnikasından istifadə edərək beyin görünütülərini araşdırıb.

Araşdırmanın nəticələrinə görə bəzi beyin xüsusiyyətlərinə daha çox kişilərdə, bəzilərinə isə daha çox qadınlarda rast gəlinib. Bəzi xüsusiyyətlər isə həm qadın həm də kişi beynində müşahidə olunub. Belə ki, “yalnız kişi” və ya “yalnız qadın” beyni olaraq xarakterizə olunan beyinlər azlıq təşkil edib.

Araşdırmanın nəticələri ABŞ Milli Elmlər Akademiyasının “PNAS” adlı nəşr orqanında yayımlanıb.

Məqalədə alimlər yekdil olaraq “tam bir kişi beyni və ya tam bir qadın beynindən söz gedə bilməz”- deyə bildiriblər.

Qeyd edək ki, 2013-cü ildə Amerika alimləri tamamilə fərqli nəticələr əldə etmişdilər. Onlar qadın və kişi beynləri arasında ciddi fərq olduğunu bildirmişdilər.