Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu ilə Qazaxıstanın Energetika Nazirliyinin Nüvə Fizikası İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, sənədi Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və Nüvə Fizikası İnstitutunun baş direktoru E.Kenjin imzalayıblar. Müqavilənin əsas məqsədi institutlar arasında radiasiya və nüvə fizikası, radiokimya, radioekologiya, radiasiya materialşünaslığı, radiasiya və nüvə təhlükəsizliyi və digər elmi-texniki sahələrdə birgə əməkdaşlığın yaradılmasıdır. İnstitutlar müxtəlif fond və beynəlxalq təşkilatlara birgə layihələr təqdim edərək qrant müsabiqələrinə qatılacaqlar.

İmzalanma mərasimi Qazaxıstanın Almatı şəhərində “Nüvə elmləri və texnologiyaları” beynəlxalq elmi forumu çərçivəsində keçirilib. Qazaxıstanın Nüvə Fizikası İnstitutunun 60 illik yubileyinə həsr olunan forum çərçivəsində, həmçinin “Nüvə və radiasiya fizikası” mövzusunda XI konfrans, “Nüvə-2017” beynəlxalq konfrans və “Nüvə elmləri və onun tətbiqləri” mövzusunda VIII Avrasiya konfransı keçirilib.

Rusiya, Yaponiya, Almaniya, Türkiyə, Özbəkistan, Azərbaycan, Fransa və Monqolustanı təmsil edən 200-dən çox alimin qatıldığı forumda nüvə texnologiyalarının tətbiqinə dair müasir elmi nəticələr müzakirə olunub, suallar cavablandırılıb.