Avqustun 17-də Yaponiyanın qərb və cənub-qərb prefekturalarına çatan “Talim” tufanı nəticəsində bir nəfər həlak olub, 35 nəfər xəsarət alıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində üç nəfər itkin düşüb.
Tufan daha çox Kyuşü və Şikoku adalarına zərbə endirib. Sutka ərzində 300-500 millimetr həcmində düşən leysan yağışlar nəticəsində bir sıra rayonlarda torpaq sürüşmələri baş verib, bir neçə ev su altında qalıb.
Tufan nəqliyyatın hərəkətində də problemlər yaradıb. Yerli aviadaşıyıcılar sentyabrın 18-də 262 daxili reysi təxirə salmalı olublar. Sürətli “Şinkansen” qatarlarının hərəkəti isə cədvələ uyğun şəkildə davam edib.
Hazırda “Talim” Yapon dənizindədir və şimaldakı Hokkaydo adası istiqamətində hərəkət edir. Sinoptiklərin bildirdiyinə görə, tufanın keçdiyi rayonlarda küləyin sürəti saniyədə 30 metrə çatır. Bununla əlaqədar Hokkaydonun hakimiyyət orqanları adanın şərq sahilində yerləşən bir neçə yaşayış məntəqəsinin sakinlərinə gün ərzində mümkün təxliyəyə hazırlaşmağı tövsiyə ediblər.