Çində “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Media Əməkdaşlıq Forumu keçirilir

Foruma dəvət olunan 140-dək ölkənin 260-dan çox aparıcı KİV nümayəndələri sırasında AZƏRTAC-ın əməkdaşları da var

Dunxuan, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Çinin Qansu əyalətində yerləşən Dunxuan şəhərində bu ölkənin “Jenmin Jibao” qəzetinin təşkilatçılığı ilə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Media Əməkdaşlıq Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, foruma 140-dək ölkədən 260-dan artıq aparıcı KİV-in rəhbərləri və nümayəndələri, Çinin yüksək səviyyəli dövlət rəsmiləri , ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar. Onların sırasında AZƏRTAC-ın əməkdaşları Cavid Bədəlov və Elşən Şahbalayev də var.

Tədbirdə Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsinin Asiya ölkələrinin iqtisadi həyatına təsiri, xalqlar bir-birinə yaxınlaşdırılması, mədəni və etnik müxtəlifliyin qorunması, əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunur. Eyni zamanda, media nümayəndələri müasir mühitdə əməkdaşlığın yeni formaları, KİV qarşısında duran çağırışlar, müasir xəbər texnologiyalarından istifadə imkanları barədə müzakirələr aparırlar.

Forum çərçivəsində böyük İpək yolunun iqtisadi özəllikləri, bu marşrut üzərində yerləşən xalqların mədəniyyətlərini əks etdirən sərgi də nümayiş etdiriləcək.

“Bir kəmər – bir yol” layihəsi üzrə KİV-lərin əməkdaşlıq forumu 2014-cü ildən etibarən hər il keçirilir. Tədbirə müxtəlif ölkələrdən qəzetlərin, informasiya agentliklərinin, televiziya və radio kanallarının nümayəndələri, qeyri-hökumət təşkilatları və dövlət qurumlarının təmsilçiləri, tədqiqatçılar dəvət olunurlar.