AZƏRTAC xəbər verir ki, Olimpiya şəhərciyində mühüm bir məsələyə – Qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarında idman yarışlarının işıqlandırılmasında səmərəli əlaqələrin möhkəmləndirilməsinə, birgə tədbirlərin səmərəliliyinin artırılmasına həsr olunmuş mətbuat konfransı keçirilib.

Görüş iştirakçıları vurğulayıblar ki, Türkmənistan kütləvi informasiya vasitələri nümayəndələrinin idman mətbuatı assosiasiyaları ilə, tanınmış jurnalistlərlə əməkdaşlığı yarışların işıqlandırılması səviyyəsinin yüksəldilməsinə, qarşılıqlı səmərəli təcrübə mübadiləsinə xidmət edəcək.

Asiya Olimpiya Şurasının prezidenti şeyx Ahmad Al-Fahad Al-Sabahın çıxışında qeyd olunduğu kimi, belə mötəbər yarışların keçirilməsi üçün Türkmənistan paytaxtının seçilməsi bütün dünyada böyük ictimai əks-səda yaradıb. Bu qərar Prezident Qurbanqulu Berdiməhəmmədovun əhali arasında sağlam həyat tərzi prinsiplərinin bərqərar olması, kütləvi bədən tərbiyəsi-sağlamlıq hərəkatının geniş yayılması və idmanda yüksək nailiyyətlər qazanılması naminə apardığı böyük işin nəticəsidir.

Mətbuat konfransında qeyd olunub ki, Asiya və Okeaniya ölkələri nümayəndələrini bir yerə toplayan bu cür miqyaslı idman tədbirinin Aşqabadda keçirilməsi neytral ölkə olan Türkmənistanın öz xarici siyasətində daim dəstəklədiyi bütün prinsiplərin – konstruktiv tərəfdaşlığın, xoş məramın və mehriban qonşuluğun müjdəçisidir.

Xarici qonaqlar məmnunluqla bildiriblər ki, Türkmənistan bütün dünyada təkcə iqtisadiyyatı inkişaf etmiş bir ölkə kimi deyil, həm də idman dövləti kimi ildən-ilə məşhurlaşır. Qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının açılış mərasiminin möhtəşəmliyi, gözəlliyi və məzmunu buna parlaq sübutdur. Mətbuat konfransının iştirakçıları böyük idman yarışlarının keçirilməsində Türkmənistan tərəfi ilə sıx əməkdaşlığa, həmçinin yarışların informasiya təminatına hazır olduqlarını bildiriblər.