Dəmir yolunda “Sağlamlıq günü” keçirilib (FOTO)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) “Sağlamlıq günü” adlı tədbir keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirin əsas mahiyyəti, dəmiryolçuları işindən ayrılmamaq şərtilə, onlara profilaktik baxışların keçirilməsidir.

”Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tə

rəfindən müəyyən olunmuş Tədbirlər Planına əsasən, dəmiryolçuların tibbi müayinəsi aparılır, onların sağlamlıq vəziyyəti barədə müvafiq məsləhətlər verilir, lazım gəldikdə isə pasientlərə stasionar və ya ambulator şəraitdə daha ətraflı müayinə və müalicə aparılmaları tövsiyə olunur. Mütəmadi olaraq keçirilən “Sağlamlıq günü” tədbirləri də görülən işlərin tərkib hissələrindəndir.

Eyni zamanda, qatarların hərəkəti ilə bağlı işçilərin ilkin və dövri tibbi müayinəsi, peşə xəstəliklərinin profilaktikası eləcə də tibb məntəqələrində reysqabağı tibbi baxışlar da həyata keçirilir.

Tədbirdə Bakı dəmir yolu xəstəxanasının 8 həkimi dəmiryolçuları müayinə edib.

Gün ərzində 51 nəfər Bakı dəmir yolu xəstəxanasının həkimləri tərəfindən elektrokardioqrafik və laborator müayinədən keçirilib, 28 nəfər xəstəxanaya dəvət olunub.

Qeyd edək ki, “Sağlamlıq günü” tədbirləri dəmir yolunun iri qovşaqlarında da təşkil olunur.