“Myanmada təcili diqqət tələb edən ciddi böhran baş verir. Məlumatlara görə, təhlükəsizlik qüvvələrinin ölkənin şimalında yerləşən Rakhayn ştatında apardığı əməliyyatlar kütləvi qətllər, işgəncələr və cinsi zorakılıqlarla müşayiət olunur. Hərbçilər rohingiyalıların yaşadığı bütöv kəndləri məhv edirlər. Peyk materiallarına görə, təqribən 200 kənd yandırılıb”.
“Report” xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları Şurasının üzvlərinə Faktların Müəyyən Edilməsi üzrə Missiyanın sədri Marzuki Darusman məlumat verib.
Çərşənbə axşamı Nyu-Yorkda Myanmada vəziyyətə dair interaktiv dialoq baş tutub.
O bildirib ki, Banqladeşlə sərhədə yaxın ərazilər minalanıb və zorakılıqdan qurtulmaq istəyən şəxslər, o cümlədən uşaqlar ölür və ya əlil olurlar. Hakimiyyət nümayəndələri təbliğat zamanı Rohingiya müsəlmanlarını ziyanverici həşəratlarla müqayisə edirlər.