Yaxın və orta perspektivdə qaz hasilatının artırılması məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xarici tərəfdaşları ilə birlikdə “Ümid”, “Abşeron” və digər yataqlarda məqsədyönlü işlər aparır.
Astarainfo.az”Report”-a istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində məqaləsində qeyd edib.
O xatırladıb ki, “Ümid” qaz-kondenasat yatağı “Şahdəniz”dən sonra Xəzərin milli sektorunda kəşf edilən ilk yeni qaz yatağıdır. “Hesablamalar göstərir ki, yatağın karbohidrogen ehtiyatları 200 mlrd. kubmetr qaz, 40 mln. ton kondensat həcmindədir. Yataqda 3 istismar quyusu qazılaraq işlənilməyə verilib, indiyədək 1 486,6 mln. kubmetrə qədər qaz və 237,4 min tonadək kondensat hasil edilib. Ötən il qazılmış 14№-li istismar quyusundan alınan müsbət nəticə yatağın şimal-qərb hissəsində yeni platformaların quraşdırılmasına əsas verir”,- SOCAR prezidenti qeyd edib.
O bildirib ki, geoloji tədqiqatlar bu yatağın yaxınlıqda yerləşən “Babək” strukturuna bağlı olduğunu göstərib: “Ümid” yatağı və “Babək” strukturunun birgə işlənilməsinin effektiv təşkili üzrə Risk Xidmət Sazişi imzalanıb. 2018-ci ildə “Babək” strukturunda kəşfiyyat işlərinin başlanılmasına hazırlıq görülür”.
R.Abdullayev Xəzərin Azərbaycan sektorunda nəhəng qaz-kondensat mənbələrindən olan “Abşeron” yatağında Fransanın “Total” şirkəti ilə birlikdə müvəffəqiyyətlə çalışıldığını əlavə edib. Onun sözlərinə görə, yatağın işlənmə layihəsi üzrə inkişaf proqramının cari ildə başa çatdırılması və yekun investisiya qərarının verilməsi məqsədi ilə hazırlıq işləri sona çatmaq üzrədir. “Qazma işlərinin yaxın zamanlarda Heydər Əliyev adına üzən qazma qurğusu vasitəsi ilə başlanılması planlaşdırılır. Proqnozlara əsasən, ilk quyu 2019-cu ildə sutkalıq 4 mln. kubmetr qaz hasilatı ilə istismara verilməlidir. Həmin il “Abşeron” yatağından ilk faza çərçivəsində 1,5 mlrd.kubmetr, 2022-2023-cü illərdə isə ikinci faza üzrə 5 mlrd. kubmetr təbii qazın hasil edilməsi gözlənilir”, – deyə R.Abdullayev məqaləsində qeyd edib.
Şirkət rəhbəri əlavə edib ki, qaz hasilatının artırılmasında SOCAR-ın müstəqil surətdə işlədiyi yataqlarda aparılan tədbirlər də mühüm rol oynayıb: “Son illər “Bulla-dəniz” yatağında qazılmış 90, 124 və 125 nömrəli quyulardan alınan nəticələr məhsuldar qatın alt şöbələrində perspektivliyin böyük olduğunu təsdiq edib”.