“Şahdəniz” yatağından indiyədək 85 mlrd. kubmetr qaz hasil olunub

İndiyədək Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından təxminən 85 mlrd. kubmetr qaz, 21,2 mln ton kondensat çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetindəki məqaləsində qeyd edib.

“Son illər ərzində Azərbaycanda qaz hasilatı artaraq ildə 29 mlrd. kubmetr səviyyəsini ötüb. Neft ölkəsi kimi hələ qədim zamanlardan dünyada məşhur olan Azərbaycan “Şahdəniz” yatağının uğurla işlənilməsi nəticəsində qısa müddətdə dünya bazarında həm də alternativ təbii qaz mənbəyi kimi tanınıb.

Qarşıda bizi ümumi ehtiyatları 1,2 trln. kubmetr qaz, 240 mln. tondan artıq kondensat həcmində qiymətləndirilən “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi gözləyir. “Şahdəniz-2” çərçivəsində hazırkı illik hasilata daha 16 mlrd. kubmetr qaz əlavə olunacaq, bu həcmin ildə 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya-Yunanıstan, Bolqarıstan və İtaliyaya tədarük ediləcək. Layihə üzrə ilk qazın 2018-ci ilin sonlarında Türkiyəyə çatdırılması nəzərdə tutulur”,-SOCAR prezidenti əlavə edib.

Xatırladaq ki, “Şahdəniz” yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.

“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Layihədə BP (operator – 28,8%), “AzSD” (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.