UEFA Azərbaycan üçün tarixi qərar verə bilər

Bu gün İsveçrədə UEFA-nın 13-cü Növbədənkənar Konqresi və İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Cenevrədəki “President Wilson” otelində təşkil olunacaq Konqresə Avropa futbol qurumuna 55 üzv milli assosiasiyadan nümayəndələr qatılacaqlar. AFFA-nı prezident Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edəcək.

Daha sonra UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında İcraiyyə Komitəsinin iclası təşkil olunacaq. Komitə üzvləri Avropa Futbol Liqaları Assosiasiyası (EPFL) ilə qarşılıqlı anlaşmaya dair Memorandumu müzakirə və UEFA-nın yeni vitse-prezidentini təyin edəcəklər.

İcraiyyə Komitəsi 2018-2019 mövsümündə kişi və qadınlar arasında Çempionlar Liqası, eləcə də Avropa Liqasının finalı və UEFA Super Kubokuna ev sahibliyi edəcək şəhərləri müəyyənləşəcək. 14 ərizəsi təsdiqlənmiş 10 milli assosiasiya arasında AFFA da var. Daha dəqiqi, Bakı Olimpiya Stadionu Çempionlar Liqası və Avropa Liqasının final qarşılaşmalarına iddialıdır. Çempionlar Liqasının final matçına İspaniyanın paytaxtı Madriddəki “Metropolitano”, Avropa Liqasının həlledici görüşünə isə İspaniyanın Sevilya şəhərindəki “Xuan Sançes Pisxuan” və Türkiyənin İstanbul şəhərindəki “Wodafone Arena” da iddialıdır. Qərar Bakının lehinə olsa, Azərbaycan paytaxtı tarixdə ilk dəfə klublararası avrokubok finalına ev sahibliyi edəcək.